Dünya futbolunun idarəedici qurumu FİFA, prezident Canni İnfantinoya qarşı “ləkələmə kampaniyası” yürütməkdə ittiham etdiyi UEFA-ya sərt cavab verib. İki futbol nəhəngi arasındakı münaqişə İnfantinonun Dünya Çempionatının bəzi hüquqlarını özəl investorlara satmaq planından sonra pik həddə çatıb.
Aleksander Çeferinin rəhbərlik etdiyi UEFA və üç ayrı futbol konfederasiyası İnfantinonun böyük rezonans doğuran bu layihəsinə kəskin etiraz bildirərək FİFA rəhbərini istefaya çağırıb. Keçən həftə Avropa futbol qurumu ABŞ məhkəməsinə müraciət edərək İsveçrədə ehtimal olunan cinayət işləri çərçivəsində FİFA-dan sənədlərin təqdim edilməsini tələb edib. UEFA ləğv edilmiş “FIFA Forward Enterprise” (FFE) layihəsinə görə İnfantinonu “cinayət tərkibli pis idarəçilikdə” və şəxsi maraqları üçün “bazar qiymətindən aşağı saxta sövdələşməyə cəhd etməkdə” günahlandırıb.
FİFA isə qarşı tərəfə ABŞ-dakı məhkəməyə rəsmi etiraz ərizəsi təqdim edərək cavab verib. İnfantinonun təşkilatı UEFA-nın iddialarının “hüquqi baxımdan əsassız” və “fundamental qüsurlarla dolu” olduğunu bəyan edib. FİFA rəsmiləri FFE layihəsinin yalnız bir təklif olduğunu və üzv assosiasiyaların çoxtərəfli dəstəyi olmadan gerçəkləşə bilməyəcəyini əvvəlcədən açıq şəkildə bildirdiklərini vurğulayıblar.