Haaland fenomeninin arxasındakı sistem: Norveç nəyi bacardı, AFFA nəyi bacarmadı?

29.08.26 | 13:23
Ölkə futbolu

Norveç futbolunun son illərdəki yüksəlişinə baxanda ilk ağla gələn ad, təbii ki, Erling Haalanddır. Amma məsələ heç də yalnız Haalanddan ibarət deyil. Əslində, Norveç futbolunun ən böyük uğuru Haaland kimi bir futbolçunu yetişdirməsi yox, Haalandı yetişdirə bilən futbol sistemi qurmasıdır. Məhz bu məqam Azərbaycan futbolu üçün ciddi düşüncə mövzusuna çevrilməlidir.

Çünki bizdə də son illərdə sevindirici mənzərə yaranıb. “Qarabağ” və “Sabah”ın ÇL-in əsas mərhələsinə yüksəlməsi futbolumuzun Avropadakı mövqeyinin gücləndiyini göstərir. Bu nəticələrlə fəxr etməyə tam haqqımız var. Amma bir sualı da verməliyik: Bu uğurlar Azərbaycan futbol sisteminin inkişafının nəticəsidir, yoxsa ayrı-ayrı klubların düzgün qurduğu layihələrin?

Bu sualın cavabı çox önəmlidir.

Norveç nəyi düzgün etdi?

Skandinaviya ölkəsinin bugünkü nəticələri bir gecədə ortaya çıxmayıb. Norveç illər əvvəl anlayıb ki, yalnız istedadlı futbolçu axtarmaq kifayət deyil. Əsas məsələ həmin istedadın üzə çıxacağı mühiti yaratmaqdır.

Uşaq futbolu, məşqçi hazırlığı, akademiyalar, infrastruktur, psixoloji hazırlıq və ən əsası – uzunmüddətli strategiya. Norveçdə uşaqların futbola cəlb olunmasına erkən yaşlardan diqqət yetirilir. “Idrettsglede” – idmandan zövq almaq fəlsəfəsi bu yanaşmanın əsasını təşkil edir. Uşağın üzərinə erkən yaşda nəticə təzyiqi qoymaq əvəzinə onun futboldan zövq almasına və mərhələli şəkildə inkişaf etməsinə üstünlük verilir.

Nəticədə seçim bazası böyüyür. Böyük seçim bazası daha çox istedad deməkdir. Daha çox istedad isə düzgün sistemlə birləşəndə Haaland və Martin Edeqor kimi futbolçular ortaya çıxır.

Deməli, məsələ Haalandı tapmaq deyil. Məsələ Haalandların arasından Haalandı çıxara biləcək sistem qurmaqdır.

“Bude Qlimt”in hekayəsi Azərbaycan üçün xüsusilə maraqlıdır

Norveç modelini anlamaq üçün “Bude Qlimt” nümunəsinə baxmaq kifayətdir.

Arktik dairənin kənarında yerləşən, təxminən 55 min əhalisi olan şəhərin klubu bir neçə il əvvəl Norveç futbolunun nəhəngləri arasında belə görünmürdü. Bu gün isə “Bude Qlimt” ölkənin aparıcı klublarından biridir və Avropanın ən nüfuzlu turnirində çıxış edir.

Burada əsas dəyişiklik pulla başlamadı. Fəlsəfə dəyişdi.

Baş məşqçi Kyetil Knutsen və psixoloq Byorn Mannsverk nəticədən çox prosesə fokuslanan yanaşma formalaşdırdılar. Futbolçudan yalnız qələbə tələb etmək əvəzinə onun gündəlik işini, qərarverməsini, psixoloji hazırlığını və inkişafını ön plana çıxardılar.

Klubun transfer siyasəti də bunun davamıdır. “Bude Qlimt” yalnız hazır ulduzları almağa çalışmır. Potensialı olan, lakin böyük futbol bazarının diqqətindən kənarda qalan oyunçuları tapır, inkişaf etdirir və daha sonra yüksək səviyyəyə çıxarır.

Bu model klubun maliyyəsinə də təsir edib. Büdcə və futbolçu satışlarından əldə olunan gəlirlər əhəmiyyətli dərəcədə artıb. Yəni düzgün futbol strategiyası sonda iqtisadi modelə də çevrilib.

Futbolumuzun başında duranların düşünməli olduğu məqam məhz budur.

Bəs bizdə necədir?

Azərbaycan futbolunda bu gün ən böyük problem istedadın olmaması deyil. Əsas problem istedadın sistemli şəkildə yetişdirilməsi və yüksək səviyyəyə çatdırılmasıdır.

Bizdə ayrı-ayrı akademiyalar, futbol məktəbləri və istedadlı uşaqlar var. Amma ölkə üzrə vahid və uzunmüddətli futbol inkişaf fəlsəfəsinin nəticələrini hələ tam görmürük.

Bir klub akademiyaya daha çox yatırım edir, digəri legioner transferinə üstünlük verir. Başqa bir klub gənc futbolçuya şans verir, digərində isə nəticə təzyiqi buna imkan vermir.

Belə vəziyyətdə milli komandanın davamlı futbolçu bazası necə formalaşmalıdır?

Əsas sual da budur.

Çünki milli komandaya hazır futbolçu lazım olanda daim xaricə üz tutmaq çıxış yolu deyil. Xaricdən futbolçu transfer etmək klubun bu gününü xilas edə bilər, amma gələcəyini təmin etmir. Yerli futbolçu yetişdirmək isə milli komandanın sabahını qurmaq deməkdir.

AFFA-nın əsas missiyası nə olmalıdır?

Burada AFFA-nın rolunu xüsusi qeyd etmək lazımdır.

Ölkənin əsas futbol qurumu yalnız milli komandaların fəaliyyətini koordinasiya edən struktur kimi qəbul edilməməlidir. AFFA ölkədə uşaq futbolundan məşqçi hazırlığına, akademiyalardan infrastrukturun inkişafına qədər bütün sistemin istiqamətini müəyyənləşdirən əsas institut olmalıdır.

Və bu strategiyanın ən mühüm göstəricilərindən biri sadə olmalıdır:

Beş il sonra neçə keyfiyyətli futbolçumuz olacaq? On il sonra neçə azərbaycanlı futbolçu Avropanın güclü liqalarında oynayacaq?

Əgər bu suallara konkret cavab verə bilmiriksə, deməli, strategiyamızın ölçülə bilən nəticələri yoxdur.

Norveç modelini olduğu kimi Azərbaycana köçürmək, əlbəttə, mümkün deyil. Bizim futbol mühitimiz, iqtisadi imkanlarımız, əhali sayımız və idman mədəniyyətimiz fərqlidir.

Amma onların fəlsəfəsindən çox şey öyrənmək olar: uzunmüddətli planlaşdırma, yerli futbolçuya yatırım, güclü akademiyalar, keyfiyyətli məşqçi hazırlığı və nəticədən əvvəl prosesə inam.

“Qarabağ” və “Sabah”ın uğuru başlanğıc olmalıdır

“Qarabağ”ın illər ərzində qurduğu model Azərbaycan futbolu üçün ən ciddi nümunələrdən biridir. “Sabah”ın son illərdəki inkişafı və Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi də göstərir ki, düzgün idarəçilik və uzunmüddətli yanaşma nəticə verə bilər.

Amma bu uğurlar yalnız iki klubun uğuru olaraq qalmamalıdır.

Əksinə, “Qarabağ” və “Sabah”ın Avropadakı nəticələri Azərbaycan futbolunun ümumi inkişafına xidmət etməlidir.

Bu gün “Qarabağ” Çempionlar Liqasında oynayırsa, sabah onun akademiyasındakı 15 yaşlı futbolçu bundan faydalanmalıdır.

“Sabah” Avropada mərhələ keçirsə, bunun nəticəsi yalnız klubun büdcəsində görünməməlidir. Bir neçə ildən sonra həmin klubun əsas komandasında daha çox yerli futbolçunun meydana çıxmasında da özünü göstərməlidir.

Əsl zəncir belə qurulmalıdır: Avropa uğuru – maliyyə – akademiya – yerli futbolçu – milli komanda – daha güclü klublar – yenidən Avropa uğuru. Bunu bacarsaq, artıq söhbət ayrı-ayrı klubların uğurundan yox, Azərbaycan futbol sisteminin inkişafından gedəcək.

Bizim Haalandımız haradadır?

Bəlkə də Azərbaycan futbolunda illərdir yanlış sual veririk. “Bizdə niyə Haaland yoxdur?” – deyə soruşuruq. Halbuki sual belə qoyulmalıdır: “Biz Haaland yetişdirə biləcək şərait yaratmışıqmı?”

Əgər uşağın keyfiyyətli məşqçisi yoxdursa, akademiyanın infrastrukturu zəifdirsə, istedadlı futbolçu vaxtında düzgün istiqamətləndirilmirsə, psixoloji hazırlıq ikinci plandadırsa və gənc oyunçu əsas komandada oynamaq əvəzinə illərlə ehtiyatda qalırsa, onda ondan dünya səviyyəli futbolçu olmasını gözləmək nə dərəcədə realdır?

Haaland göydən düşmədi. Edeqor da təsadüfən ortaya çıxmadı. Onların arxasında böyük futbol sistemi dayanır.

Bizim futbolun da indi məhz belə bir sistemə ehtiyacı var. Biz növbəti Haalandı axtarmamalıyıq. Biz Haaland yetişdirən sistemi qurmalıyıq. Çünki bir futbolçu yerli azarkeşləri bir müddət sevindirə bilər. Amma düzgün qurulmuş futbol sistemi bütöv nəsilləri dəyişə bilər.

Və bəlkə də milli futbolun qarşısında duran ən böyük hədəf növbəti “Qarabağ”ı və ya “Sabah”ı yaratmaq deyil. Növbəti “Qarabağ” və “Sabah”ları yarada biləcək futbol ekosistemi qurmaqdır.

Norveç bu yolda çox şey edib. Biz isə hələ də həmin yolun başlanğıcında ən vacib suallara cavab axtarırıq.

Ölkə futbolu daha neçə Haalandın ortaya çıxmasını gözləməlidir?

Bəlkə də gözləmək yox, bunun üçün şərait yaratmağın vaxtıdır. Çünki gələcəyin Haalandı hansısa akademiyada bizi gözləmir. O, bu gün ölkənin hansısa meydançasında top qovan uşaqlardan biridir. Məsələ onu tapmaq deyil – onun itirilməsinə imkan verməməkdir.

PS: Bu məqalədə qabardılan məsələlərin, şübhəsiz ki, “cupulu kubok”la başımızı qatmağa çalışan, futboldan uzaq AFFA-nın baş katibi Cahangir Fərəcullayev və onun komandasına elə bir dəxli yoxdur. Uşaq futbolu, akademiyalar, yerli kadr yetişdirmək və uzunmüddətli strategiya kimi “xırda” detallara vaxt ayırmaq onların gündəliyinə daxil deyil. Çünki, başları daha “vacib” və “ciddi” işlərə qarışıb…

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09