«Liverpul»un və İngiltərə milli komandasının sabiq müdafiəçisi, hazırda isə tanınmış televiziya eksperti kimi fəaliyyət göstərən 48 yaşlı Ceymi Karraqer müflisləşmə riski ilə üz-üzə qalıb. Şəxsi vergi öhdəliklərinə laqeyd yanaşan veteran futbolçunun Böyük Britaniya Vergi və Gömrük İdarəsinə (HMRC) iri məbləğdə borcu yaranıb.
“BBC”nin məlumatına görə, Karraqerin ödənilməmiş vergi borcu 700 000 – 800 000 funt-sterlinq (təxminən 900 min – 1 milyon dollar) təşkil edir. Məsələni London məhkəməsinə həvalə edən vergi qurumu iddianı qaldırıb. Məhkəmə borcun ödənilmədiyi təqdirdə keçmiş futbolçunun şəxsi müflisləşməsini rəsmiləşdirə bilər.
Yaranmış vəziyyətlə bağlı tərəflər artıq öz mövqeyini bildiriblər. Karraqerin nümayəndəsi məsələnin daha əvvəl həll edilməli olan şəxsi vergi borcundan qaynaqlandığını etiraf etsə də, böhranın tezliklə aradan qaldırılacağını vurğulayıb. O, prosesin məhkəmə müstəvisində davam etməyəcəyini və borcun yaxın vaxtlarda tam şəkildə bağlanacağını bəyan edib.
Fərdi işləri şərh etməkdən imtina edən Britaniya Vergi İdarəsi (HMRC) isə borclu şəxslərə hissə-hissə ödəniş planları təklif edərək köməklik göstərdiklərini bildirib. İdarə yetkililəri əlavə ediblər ki, müflisləşmə ilə bağlı məhkəmə iddiası yalnız başqa heç bir çarə qalmadıqda, son addım kimi tətbiq olunur.
Qeyd edək ki, Ceymi Karraqer 1996–2013-cü illərdə «Liverpul»un heyətində 737 rəsmi matçda forma geyinib və İngiltərə millisinin şərəfini 38 oyunda qoruyub.