Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”a dramatik şəkildə məğlub olaraq turnirin əsas mərhələsinə yüksəlmək şansını əldən verən “Hapoel” (Beer-Şeva) düşərgəsində böyük məyusluq yaşanır.
İlk oyunda 2:1 hesabı ilə qalib gələn İsrail təmsilçisi Bakıdakı cavab qarşılaşmasında əsas vaxtın son saniyələrinə qədər üstün vəziyyətdə olsa da, 90+4-cü dəqiqədə buraxdığı qolla matçı əlavə vaxta daşıdı. Əlavə vaxtda daha iki qol buraxan “Hapoel” 2:5 hesabı ilə uduzaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni əldən verdi və mübarizəni Avropa Liqasında davam etdirəcək.
Matçdan sonra komandanın kapitanı Miqel Vitor emosiyalarını gizlədə bilməyib. 37 yaşlı müdafiəçi tarixi fürsətin əldən çıxmasının onun üçün xüsusi ağrılı olduğunu bildirib: “Deyəcək sözüm yoxdur. Hazırda hisslərimi izah edə bilmirəm. Bu, çox ağır andır. Bu mərhələyə qədər gəlmək asan deyildi. Beynimdə çoxlu fikirlər dolaşır. Bu, yəqin ki, Çempionlar Liqasına düşmək üçün son şansım idi. Bu, Beer-Şevadakı hər kəsin arzusu idi. Ona görə də yaşadıqlarımız çox ağırdır”.
Vitor “Sabah”ın hesabı bərabərləşdirdikdən sonra oyunun nəzarətini ələ keçirdiyini etiraf edib: “Yaxşı başladıq və qol vurduq. Onlar hesabı bərabərləşdirdilər və bundan sonra oyuna nəzarəti əla ala bilmədik. Hətta yaxşı oynamadığımız vaxtda belə Çempionlar Liqasına yüksəlməyimizə cəmi 10 saniyə qalmışdı. İndi bu məğlubiyyətin öhdəsindən gəlməliyik. Hamımız üçün çox çətin günlərdir”.
Kapitanın qarşılaşmanı erkən tərk etməsi də məcburi olub. Vitor həkimlərin tövsiyəsindən sonra əvəzlənməli olduğunu deyib: “Oyundan çıxmaq istəmirdim. Amma həkim davam etməyin təhlükəli olduğunu bildirdi. Özümü yaxşı hiss etmirdim, bir qədər başım gicəllənirdi. Bu, mənim qərarım deyildi. Ehtiyat oyunçular skamyasında oturub hadisələri izləyirdim və komandaya kömək etmək istəyirdim”. Vitor komandanın Cibril Diopun qırmızı vərəqə almasından sonra da müdafiəçini günahlandırmayıb: “Mən onun ikinci sarı vərəqəsini görmədim, amma bunun üçün vərəqəyə layiq olduğunu düşünmürəm. Biz bir komandayıq və heç kimi fərdi şəkildə günahlandırmırıq”.

Marçiano: “Karyeramda belə bir şey yaşamamışam”
“Hapoel”in qapıçısı Ofir Marçiano da matçdan sonra yaşananları sözlə ifadə etməyin çətin olduğunu bildirib. 36 yaşlı qolkiper üçün şəxsi uğurlu çıxışının heç bir əhəmiyyətinin qalmadığını vurğulayıb: “Hiss çox dəhşətlidir. Mənim yaxşı oyun göstərməyimdən daha vacib olan bir qol buraxdıq. Bu, çox ağırdır. Karyeramda belə bir şeylə qarşılaşdığımı xatırlamıram. Hisslər çox güclüdür. Böyük məyusluqdur, çünki hər şey bizim əlimizdə idi”.
Marçiano komandanın bu məğlubiyyətdən nəticə çıxarmalı olduğunu deyib: “Hazırda oyunu təhlil etmək mənim üçün çətindir. Yaxşı məqamlarımız da oldu. Amma bu oyundan dərs çıxarmalıyıq. Bu, “Hapoel”lə əlaqəli olan hər kəs üçün ağrılı andır. Bizi bu yolda müşayiət edən və nə qədər haqq etdiyimizi bilən insanlar üçün xüsusilə ağırdır. Bəlkə də bir az daha çox şey etməli idik, amma bunu bacarmadıq”.
Təcrübəli qapıçı buna baxmayaraq komandanın qarşısında yeni hədəflərin olduğunu vurğulayıb:
“Bu, davamlı işdir. Qarşıda bizi yeni oyunlar gözləyir və toparlanmalıyıq. Azarkeşlər və klub qarşısında məsuliyyət daşıyırıq. “Hapoel”i layiq olduğu səviyyəyə çatdırmalıyıq. Ən yaxşı mövsümlərimizdən birini keçirməli və gələn il də burada olmalıyıq”.
Marçiano İsrail millisində yenidən oynamaq ehtimalına da münasibət bildirib: “Əgər milli komanda məni geri qaytarmaq istəsə, özümü dünyanın ən qürurlu və xoşbəxt insanı hiss edərəm”. Beləliklə, “Hapoel” Çempionlar Liqasına vəsiqəni son saniyələrdə əldən versə də, Avropa Liqasının əsas mərhələsində mübarizəni davam etdirəcək. Lakin Beer-Şeva təmsilçisinin düşərgəsində bu gecənin uzun müddət “Sabah”ın möhtəşəm geri dönüşü və əldən çıxan tarixi fürsətlə xatırlanacağı şübhəsizdir.