Portuqaliyalı mütəxəssis Ardanın oyun üslubuna heyranlığını gizlətməyib və ona böyük ümidlər bəslədiyini bildirib: “Mən Arda Güleri və onun oyununu çox sevirəm. O, yüksək səviyyəli futbolçudur. İnanıram ki, onunla bağlı hər şey Luka Modriçlə olduğu kimi olacaq. Əvvəlcə “səkkiz nömrə”, daha sonra isə “altı nömrə” mövqeyində çıxış edəcək”.
Bu açıqlama Mourinyonun rəhbərliyi altında Ardanın komandada sabit yerə sahib olacağını göstərir. Qeyd etmək lazımdır ki, türk futbolçu “Real”ın heyətində indiyədək çıxış etdiyi 112 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Ançelottinin ona səbirli olmağı məsləhət gördüyü və qısa oyun dəqiqələri verdiyi ötən illərdən sonra, Mourinyonun etimadı Ardaya əsas heyətin dəyişilməz üzvü olmağa imkan yaradır.
Gənc futbolçu üçün indi əsas məqsəd sabit performansı qorumaqdır. “Real”da istedad güvənməklə iş bitmir. Sərt rəqabət şəraitində xarakter nümayiş etdirmək tələb olunur. Meydandakı soyuqqanlılığı və boşluqları tapmaq bacarığı ilə yanaşı, Arda artıq mərkəzdə böyük məsuliyyət daşıyacaq. Hücum qurmaqla bərabər, intizamlı oynamaq, topsuz zonada qaçışlar etmək və oyunun yükünü çiyinlərinə götürmək onun yeni vəzifəsi olacaq.
Luka Modriç kimi əfsanələrlə müqayisə olunması Ardaya göstərilən böyük etimadın göstəricisidir. Əgər gənc ulduz inkişafını bu templə davam etdirərsə, yaxın illərdə “Kral klubu”nun orta xəttinin əsas simalarından birinə çevriləcəyi şübhə doğurmur.