Bu gün həm “Sabah”, həm də İsrailin “Hapoel Beer-Şeva” klubu üçün mövsümün ən vacib qarşıdurması baş tutur. Qitənin ən nüfuzlu klub turnirinin liqa mərhələsinə adlamaq üçün hər rəqiblə iki oyunluqməsafə ayırır.
“Bayquşlar”dan fərqli olaraq, “ağ-qırmızı”ların avrokubok təcrübəsi daha zəngindir. Valdas Dambrauskasın yetirmələri Çempionlar Liqasında debüt həyəcanı yaşadığı halda, “Hapoel Beer-Şeva” daha əvvəl iki dəfə bu turnirin “qapısından” geri dönüb. Barak Baxarın rəhbərliyi altında ardıcıl üç ölkə çempionluğunun qazanıldığı parlaq dövrdə pley-offa qədər yüksələn İsrail təmsilçisi “Seltik” və “Maribor” baryerlərini aşa bilməmişdi.
Bu dəfə isə Azərbaycan futbolsevərlərinin gözü “Sabah”dadır və inanırıq ki, Bakı təmsilçisi “Hapoel”in Çempionlar Liqası arzusunu növbəti dəfə gözündə qoyaraq tarixi uğura imza atacaq.
Baş məşqçi Ran Kojuxun rəhbərlik etdiyi heyət Buxarestdəki “Rapid” stadionunda matçöncəsi son məşqini keçirib. Yeri gəlmişkən, bu arena mövsümün qalan hissəsində “Hapoel”in avrokubok qarşılaşmaları üçün şərti ev stadionu rolunu oynayacaq.
Mühüm oyun öncəsi baş məşqçi Kozux futbolçularını həddindən artıq emosional gərginlikdən uzaq tutmağa çalışır. Məşqçi heyəti əsas diqqəti taktik tapşırıqlara və rəqibin fiziki göstəricilərinə yönəldib. Komandadakı ab-havanı futbolçulardan biri belə təsvir edir: “Bir-birimizin gözünə baxanda nəyin tərəziyə qoyulduğunu çox yaxşı anlayırıq. Artıq sözlərə və xəyallara qapılmağa ehtiyac yoxdur. Komanda yoldaşının üz ifadəsindən onun da eyni şeyləri hiss etdiyini görürsən. Futbol butslarını ilk dəfə geyindiyin uşaqlıq illərindən bəri ən böyük arzun Çempionlar Liqasında oynamaq olur. İndi həmin an gəlib çatıb”.
Ran Kojuxun “Srvena Zvezda” üzərində qələbə qazanan start heyətini dəyişməyəcəyi gözlənilir: Ofir Marçiano – Qay Mizrahi, Migel Vitor, İtay Rotman, Pedro Amador – Lukas Ventura, Niv Yexoşua, Eliel Perets – Cavon İst, Zahi Əhməd, İqor Zlatanoviç.