UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”ın rəqibi olan İsrailin “Hapoel” (Beer-Şeva) klubu Toto kubokunda ağır məğlubiyyətlə üzləşib. Roni Levinin rəhbərlik etdiyi “Hapoel Hayfa” ilə qarşılaşmada baş məşqçi Ran Kojuç meydana ehtiyat heyəti buraxıb və komanda 0:4 hesabı ilə darmadağın olub.
Matçın nəticəsindən asılı olmayaraq, Beer-Şeva təmsilçisi üçün bu qarşılaşma ikinci planda olub. Komandanın əsas məqsədi “Sabah”a qarşı keçiriləcək Çempionlar Liqasının pley-off matçına optimal şəkildə hazırlaşmaqdır.
Əsas hədəfin matçı zədəsiz başa vurmaq və futbolçuların kifayət qədər istirahət etməsini təmin etmək olduğu nəzərə alınaraq, klub düşərgəsində bu ağır məğlubiyyət böyük faciə kimi qiymətləndirilmir. Nəticədən sonra Hayfa təmsilçisi turnir cədvəlinin 5-ci, “qırmızı-ağlar” isə 6-cı pilləsində qərarlaşıb.
Oyun sonrası açıqlama verən “Hapoel”in baş məşqçisi Ran Kojuç məğlubiyyətə görə bəhanə axtarmadığını və azarkeşlərdən üzr istədiyini bildirib: “Məndən heç bir bəhanə olmayacaq. ‘Hapoel’ hər zaman adına və statusuna layiq görünməlidir. Bu, həqiqətən də alçaldıcı məğlubiyyət idi. Stadionadək gələn bütün azarkeşlərimizdən səmimi-qəlbdən üzr istəyirəm. Biz hər zaman nəticə göstərməliyik”.