Premyer Liqanın I turunda səfərdə “Sabah”a 0:2 hesabı ilə məğlub olan “Kəpəz”in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşmanı dəyərləndirib, rəqibin gücünü etiraf edib və medianın suallarını cavablandırıb.
Gəncə təmsilçisinin çalışdırıcısı matçın çətinliyinə və yeni qurulan komandanın potensialına diqqət çəkib: “Ölkəmizin ən güclü və tam heyətə malik komandasına qarşı oynadıq. Komandamız yenidən formalaşdırılıb. Uşaqlar çalışdılar, pis də təsir bağışlamadılar. Hazırkı məqamda keyfiyyət fərqi göz qabağındadır. Qarşıda uzun marafon var. Hesab edirəm ki, daha yaxşı olacağıq”.
Görüşün əslində Gəncədə keçirilməli olduğu halda məkanın dəyişdirilməsi ilə bağlı sualı cavablandıran mütəxəssis rəqibin təqvimini nəzərə aldıqlarını bildirib: “Yeni stadionumuz var və orada oynamaq istəyirik. Lakin ‘Sabah’ bizə müraciət etdi, biz də onların oyun cədvəlini nəzərə alaraq məkanın dəyişdirilməsinə razılıq verdik.”
Jurnalistin keçmişdə “Qarabağ”a ağır məğlubiyyətdən sonra istefa verdiyini xatırladaraq “Bu gün də uduzdunuz. Eyni hal təkrarlansa nə edərsiniz?” sualına Azər Məmmədov təmkinlə cavab verib: “O vaxt mən təcrübəsiz idim. Əgər bu gün də böyük hesabla məğlubiyyət yaşansaydı, istefa verməzdim”.