Azərbaycan futbolunun aşağı liqalarında mübarizə aparan iki klubun adında dəyişiklik edilib. Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına əsasən, I Liqada yarışan «Cəbrayıl» bundan sonra «Gəncəbasar», II Liqa təmsilçisi «Quba» isə «Haypers» adı altında çıxış edəcək.
Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün hüquqi və təşkilati prosedurlar tam yekunlaşıb, tələb olunan zəruri sənədlər PFL-ə təqdim olunub.
Liqaların Əsasnaməsinə uyğun olaraq, rebrendinq edən klublar əvvəlki komandaların PFL üzvlüyünü və hüquqi varisliyini qoruyub saxlayır. Bu isə o deməkdir ki, «Gəncəbasar» və «Haypers» yarışlarda iştirakla bağlı əvvəllər yaranmış bütün öhdəlikləri yerinə yetirməyə davam edəcəklər.