Niderland superkuboku çərçivəsində keçirilən PSV – “Alkmaar” matçından öncə yaşananlar ölkə idman ictimaiyyətində böyük rezonans doğurub. Qarşılaşmadan əvvəl keçən ay 38 yaşında vəfat edən təcrübəli hakim Rob Diperinkin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunub. Lakin stadiondakı ab-hava gözlənilən ehtiramdan uzaq olub.
Karyerası ərzində 300-dən çox rəsmi matç idarə etmiş referinin xatirəsinə elan olunan sükut dəqiqəsi azarkeşlərin fit və qışqırıqları ilə kəsilib.
Local media orqanlarının, o cümlədən “Voetbalzone” nəşrinin yaydığı məlumata görə, qalmaqala “Alkmaar” fanatları səbəb olub. Tribunalardan yüksələn təhqiramiz qışqırıqlara PSV azarkeşləri fit çalaraq və narazılıq nümayiş etdirərək reaksiya veriblər. Nəticədə xatirə dəqiqəsi tamamilə pozulub.
Sabiq hakim Bas Neyheys sosial şəbəkə hesabında insidentə kəskin reaksiya verərək xaos yaradanları qınayıb: “Stadionda sükut dəqiqəsinə əməl edən və ehtiram göstərən minlərlə azarkeşə hörmətlə yanaşın”.
Tribunalardakı bu aqressiyanın təsadüfi olmadığı bildirilir. Rob Diperink bu yay keçirilən Dünya Çempionatında VAR hakimi kimi fəaliyyət göstərməli idi. Lakin keçən ilin yazında 17 yaşlı gəncə qarşı cinsi zorakılıq etməkdə ittiham olunduqdan sonra FİFA onu turnirdən kənarlaşdırmışdı.
Sözügedən cinayət işi sübut çatışmazlığı səbəbindən bağlansa da, hakim ətrafındakı qalmaqallı reputasiya onun ölümündən sonra da tribunalarda belə kəskin reaksiya ilə qarşılanıb.