FİFA prezidenti Canni İnfantino noyabrın 18-də keçiriləcək seçkilərdə postunu rəqibsiz qorumağı hədəfləsə də, Avropanın bir sıra nüfuzlu futbol federasiyaları onun namizədliyinə qarşı cəbhə açıb. “Talksport”un məlumatına görə, qurumun hazırkı rəhbərinin idarəçiliyindən narazı olan federasiyalar artıq ona qarşı alternativ namizəd irəli sürmək üçün intensiv danışıqlara başlayıb.
Namizəd siyahısında kimlər var? Avropanın futbol qurumları, o cümlədən Norveç, İsveç, Almaniya və İspaniya təmsilçiləri İnfantinoya qarşı vahid namizədlə çıxış etməyi planlaşdırır. Müzakirə olunan adlar arasında “Legiya”nın (Varşavas) sahibi Dariuş Mioduski ön plandadır.
Eyni zamanda, UEFA prezidenti Aleksander Çeferin və PSJ-nin rəhbəri Nasser Əl-Xelaifinin də adı hallanır. Çeferinin hazırkı vəzifəsində qalmaq istədiyi bildirilsə də, Əl-Xelaifinin namizədliyi Belçika və Polşa federasiyaları tərəfindən dəstəklənir. Bununla belə, PSJ prezidentinin seçkilərə qatılması üçün ciddi təşviqə ehtiyacı olduğu qeyd olunur.
İsveç Futbol Federasiyasının prezidenti Simon Aström prosesə qoşulmaları ilə bağlı yayılan iddiaları birbaşa təsdiqləməyib. O, media üçün verdiyi açıqlamada Avropa federasiyaları ilə beynəlxalq məsələlərdə sıx dialoqda olduqlarını vurğulayıb: “Bizim beynəlxalq qurumlarla davamlı əlaqələrimiz var, lakin bu danışıqların təfərrüatları barədə ictimaiyyətə məlumat vermirik. Hər hansı rəsmi qərar olarsa, bu, ənənəvi qaydada elan ediləcək”.