İsveçrənin Bil şəhərində ənənəvi şahmat festivalı davam edir. Turnirin ən güclü heyətə malik “Masters” qrupunda Azərbaycan təmsilçisi Aydın Süleymanlı da mübarizə aparır.
Möhtəşəm heyətlə diqqət çəkən yarışda təmsilçimizlə yanaşı Levon Aronyan (ABŞ), Yağız Kaan Ərdoğmuş (Türkiyə), Le Quanq Lyem (Vyetnam), Matias Blübaum (Almaniya) və Xose Eduardo Martines Alkantara (Meksika) kimi tanınmış şahmatçılar yarışırlar.
Festival çərçivəsində artıq klassik şahmat üzrə turnirə start verilib. İlk turda lövhə arxasına keçən Aydın Süleymanlı təcrübəli rəqibi Levon Aronyanla qarşılaşıb. Gərgin keçən partiya heç-heçə ilə yekunlaşıb.
Klassik yarışlardan öncə festival proqramına daxil olan Fişer şahmatı (Chess-960) və rapid (sürətli şahmat) turnirləri baş tutub. Hər iki kateqoriyada yüksək sabitlik və ustalıq nümayiş etdirən Aydın Süleymanlı ikinci yeri tutaraq gümüş medallara sahib çıxıb. İstedadlı qrossmeysterimiz festivalın əvvəlki mərhələlərində də Aronyanla qarşılaşmış və həmin görüşdə də sülh bağlamışdı.