Beynəlxalq Şahmat Federasiyası (FİDE) gələn il təşkil olunacaq Dünya Kubokunun reqlamentində edilən köklü dəyişiklikləri rəsmən təsdiqləyib.
Yenilənmiş qaydalara əsasən, mötəbər turnir iki mərhələdən ibarət olacaq. Əvvəlcə şahmatçılar qrup mərhələsində mübarizə aparacaqlar. 5 gün ərzində İsveç sistemi üzrə keçiriləcək 9 turda kişilərin turnirində 4, qadınların yarışında isə 2 qrup formalaşdırılacaq.
Qrup mərhələsinin yekununa əsasən, kişilər arasında hər qrupdan ilk 4, qadınlar arasında isə ilk 8 sıranı tutan şahmatçılar 1/8 finala vəsiqə əldə edəcəklər.
Aparılan reformat nəticəsində yarışın keçirilmə müddəti ixtisar olunaraq 19 günə endirilib. Dəyişikliklərlə yanaşı, Dünya Kubokunun ümumi mükafat fondu da artırılaraq 3,3 milyon dollara çatdırılıb.