İspaniya mətbuatı yarımfinal qarşılaşması öncəsi yığmanın Fransa üzərindəki qisas planlarından və komandanın gənc ulduzu Lamin Yamala olan böyük ümidlərdən yazır.
«El Pais» nəşri İspaniya yığmasının son oyunlarını keçmiş məğlubiyyətlərin revanşı kimi dəyərləndirir: 1/8 finalda Avstriya üzərində qazanılan qələbə DÇ-78-dəki məğlubiyyətin, ¼ finalda Belçikanın sıradan çıxarılması isə 40 il əvvəl Meksikada yaşanan uğursuzluğun əvəzi kimi qələmə verilir.
Turnirin əsas favoritlərindən sayılan Fransa İspaniya üçün həmişə çətin rəqib olub. «Qırmızılar»ı 2006-cı il Dünya Çempionatından kənarlaşdıran da məhz fransızlar olmuşdu. «El Pais» nəşri həmin məqamı önə çəkərək yazır: «Biz onları mundiallarda heç vaxt məğlub etməmişik».
İspaniyanın aparıcı idman mətbuatı da qarşılaşma öncəsi nikbin əhval-ruhiyyədədir. Məsələn, «Marca» nəşri «qırmızılar»ın tarixində ikinci dəfə böyük finala yüksələcəyinə dair ölkədə güclü inamın olduğunu vurğulayır. Kataloniyanın «Mundo Deportivo» qəzeti bu qarşılaşmanı prinsipiallığına görə «vaxtından əvvəlki final» kimi xarakterizə edir. «AS» və «Sport» mətbuat orqanları isə manşetlərində komandanın gənc ulduzu Lamin Yamala geniş yer ayıraraq, qarşıdakı dueli İspaniya futbolu üçün «Şöhrətə aparan yol» kimi dəyərləndirirlər.
İspan azarkeşlər «Barselona»nın gənc ulduzundan möhtəşəm oyun gözləyirlər. İyulun 13-də 19 yaşı tamam olan futbolçu turnirə zədəli başlasa da, tədricən əvvəlki formasına qayıtmağı bacarıb.
Baş məşqçi Luis de la Fuente də yetirməsinə inamını ifadə edib: «Əminəm ki, Laminin bu turnirdəki ən parlaq oyunu hələ qabaqdadır».
Matç öncəsi İspaniyanın keçmiş baş naziri Mariano Rahoyun səsləndirdiyi «Fransanın güclü komandası var, amma fransız futbolçuları yoxdur» fikri hər iki ölkədə kəskin tənqidlə qarşılanıb. Lamin Yamal isə siyasi polemikalara idman ruhuna uyğun cavab verib: «Əgər futbol nəyəsə xidmət etməlidirsə, bu, insanları birləşdirmək və inteqrasiya olmalıdır».