Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rusiyalı idmançıların yarışlara qayıtmasına yaşıl işıq yandırmasından sonra digər beynəlxalq idman təşkilatları da analoji addımlar atmağı planlaşdırır.
“Sky Sports”un məlumatına görə, FIFA Rusiya komandalarının beynəlxalq turnirlərdən uzaqlaşdırılması qərarına yenidən baxmağı nəzərdən keçirir.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra bu ölkənin yığma komandaları və klubları FIFA və UEFA çərçivəsindəki bütün yarışlardan kənarlaşdırılmışdı. Lakin görünür, idman siyasətində situasiya dəyişmək üzrədir. Mənbənin bildirdiyine görə, ali futbol qurumu Rusiya milli komandalarına qoyulmuş qadağanın ləğvini rəsmi müstəvidə müzakirə edəcək. Bu xəbər BOK-un rusiyalı idmançıların 2028-ci ildən etibarən yenidən Olimpiya Oyunlarında iştirakına icazə veriləcəyini bəyan etməsindən dərhal sonra gündəmə gəlib.
“FIFA Rusiya Olimpiya Komitəsinin üzvlüyünün müvəqqəti bərpası ilə bağlı BOK-un qərarını diqqətlə izləyir. Qurumumuz aidiyyəti tərəflərlə koordinasiyalı şəkildə növbəti addımları atmazdan əvvəl bu qərarı ətraflı təhlil edəcək”, — deyə FIFA nümayəndəsi “Sky Sports”a açıqlamasında bildirib.
Qeyd edək ki, FIFA bundan əvvəl Rusiyanın 15 yaşadək (U-15) gənclərdən ibarət seçmə komandasının oktyabr ayında Azərbaycanda keçiriləcək Yeniyetmələrin Dünya Çempionatında iştirakına icazə vermişdi.
Öz növbəsində FIFA prezidenti Canni İnfantino da Rusiyanın beynəlxalq futbola qayıtmasının vacibliyinə eyham vurub: “Məhrumiyyət və uzaqlaşdırma heç bir müsbət nəticə vermədi. Bu qadağa sadəcə təəssüf və nifrət hissini artırdı. Rusiya komandalarının yarışlara qayıtması məsələsini mütləq nəzərdən keçirməliyik”, — deyə İnfantino vurğulayıb.