UEFA Konfrans Liqasında “Zirə”nin rəqibi olan Kutaisi “Torpedo”su turnir öncəsi Gürcüstan Superkubokunu muzeyinə aparıb. “Iberiya” ilə final matçında həlledici penaltini dəqiq yerinə yetirən komandanın hücumçusu Dieqo Deysadze bu qələbənin yaratdığı yüksək əhval-ruhiyyə ilə Avrokuboklara yollanacaqlarını bildirib.
Gənc hücumçu “Zirə” ilə keçiriləcək vacib qarşılaşma öncəsi gözləntilərini və yerli mətbuata verdiyi müsahibəni belə bölüşüb: “Superkubokun sahibi olduğumuz üçün çox xoşbəxtik. Bu titul bizə böyük stimul və müsbət emosiyalar bəxş etdi. Layiqli mübarizə aparan “Iberiya”ya böyük hörmətim var. Belə gərgin və prinsipial oyunda qazanılan kubok daha dəyərlidir. Bu qələbə psixoloji baxımdan çox vacib idi. Qarşıda bizi Azərbaycan sınağı gözləyir. Artıq bütün diqqətimizi bu oyuna yönəltmişik və Gürcüstanı layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.
O, “Zirə”nin Gürcüstan klublarının rəqibləri arasında ən güclüsü olduğunu vurğulayıb: “Əlbəttə, rəqibimiz “Real” deyil, lakin hər bir komanda hörmətə layiqdir. “Zirə”nin bir neçə oyununu şəxsən izləmişəm və onların kifayət qədər ciddi rəqib olduğuna əmin olmuşam. Əsas məsələ meydanda döyüşmək və keyfiyyətli futbol göstərməkdir. Əvvəlcədən böyük vədlər vermək istemirəm, amma bir şeyə zəmanət verə bilərəm: bütün futbolçular Kutaisini və Gürcüstan azarkeşlərini sevindirmək üçün son saniyəyə qədər mübarizə aparacaqlar”.