Təlim-məşq toplanışında keçirdikləri oyunlara münasibət bildirən “Neftçi”nin təcrübəli baş məşqçisi güclü rəqiblə qarşılaşdıqlarını və bu cür oyunların Konfrans Liqası öncəsi komanda üçün böyük təcrübə olduğunu qeyd edib: “Yaxşı və dinamik oyun alındı. Güclü rəqibə qarşı mübarizə apardıq. Onlar da bizim kimi Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə hazırlaşırlar. Növbəti mərhələlərdə də qarşımıza məhz bu səviyyəli rəqiblər çıxacaq. Hazırda gündə iki dəfə məşq edirik, bədənlər hələ tam açılmayıb. Bu səbəbdən hər hissədə tam fərqli heyətlərə şans verdik, demək olar ki, hamının durumunu yoxladıq. Hazırda yoxlama matçlarımız ağır fiziki yüklənmələr fonunda keçir”.
Vernidub növbəti matçlarda komandanın oyun ritminin və əsas heyət konturlarının daha da dəqiqləşəcəyini bildirib: “Növbəti oyundan etibarən yükləmələr mərhələli şəkildə azaldılacaq. Bunun sayəsində əsas heyət üzvləri meydanda daha çox – təxminən 65-70 dəqiqə şans qazanacaqlar. Hər şey planlaşdırdığımız qrafiklə gedir. Hazırlığın ikinci mərhələsində, yüklənmələr tam azaldıqdan sonra tətbiq etmək istədiyimiz oyun sistemi özünü daha aydın büruzə verəcək”.
Matçı buraxan və oyun zamanı xəsarət alan futbolçuların səhhətinə aydınlıq gətirən Yuri Vernidub, bəzi oyunçuları qorumaq məqsədilə riskə getmədiklərini vurğulayıb. Baş məşqçi yüngül narahatlığı olan İmad Farajın bu görüşdə heyətə daxil edilməyərək dincəldiyini bildirib. Alessio Kurçinin durumunun hələlik ürəkaçan olmadığını deyən mütəxəssis, yekun tibbi diaqnoz tam dəqiqləşməsə də, hücumçunun bir neçə həftə meydanlardan uzaq qala biləcəyini qeyd edib. Qarşılaşma zamanı yüngül zədə alan Ştoqrinə gəlincə, Vernidub hər hansı bir riskə yol verməmək üçün onu dərhal əvəzlədiklərini diqqətə çatdırıb.
Yuri Vernidub sözlərini tamamlayarkən, fərdi zədələrə rəğmən komandanın ümumi fiziki hazırlığının və funksional vəziyyətinin hazırkı mərhələ üçün tam qənaətbəxş olduğunu bildirib.