Sloveniyada yeni mövsümün hazırlıqlarını davam etdirən “Neftçi” təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünə çıxıb. Yuriy Vernidubun baş məşqçisi olduğu “ağ-qaralar” Serbiyanın köklü klublarından olan “Partizan”la qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə isə rəqib komanda minimal hesablı üstünlük qazanaraq matçdan qalib ayrılıb – 0:1.
Xatırladaq ki, “neftçilər” Sloveniya toplanışı çərçivəsində keçirdikləri ilk sınaq matçında Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə uduzmuşdular.
Bakı təmsilçisini qarşıda daha iki yoldaşlıq oyunu gözləyir. “Neftçi” iyulun 10-da eyni gündə iki fərqli rəqiblə qüvvəsini sınayacaq. Komandamız Serbiyanın “Radniçki Niş” və Xorvatiyanın “Osiyek” klubları ilə qarşılaşacaq.