Dünya Çempionatının 1/16 finalında Belçikaya qarşı 2:0 hesablı üstünlüyü əldən verərək 2:3 hesabı ilə məğlub olan və turnirlə vidalaşan Seneqal millisində gərginlik yaşanır. Komandanın 27 yaşlı yarımmüdafiəçisi Pape Qeye məşqçilər korpusu istefa verməyincə yığmada oynamayacağını açıqlayıb.
“Vilyarreal”ın ulduzu Belçika ilə matçdakı dramatik məğlubiyyətdən sonra “Instagram” hesabında etdiyi paylaşımda narazılığını açıq şəkildə ifadə edib: “Turnirlə vidalaşmağımız barədə daha sonra danışacağam. Amma indidən bəyan edirəm ki, hazırkı məşqçilər korpusu vəzifəsində qaldığı müddətdə milli komandadan fasilə götürürəm”.
Futbolçunun baş məşqçi Pape Tiau və onun köməkçiləri – fransız Teddi Pellerin və seneqallı Lamin Dianla konkret hansı məsələdə problem yaşadığı hələlik məlum deyil.
Xatırladaq ki, Seneqal yığmasının sabiq kapitanı, hazırda isə komandaya rəhbərlik edən Pape Tiaunun fəaliyyəti əvvəllər də birmənalı qarşılanmayıb. O cümlədən, 2025-ci ildə Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun finalında haqsız penalti qərarına etiraz olaraq komandasını meydandan çıxarması və bunun ardınca Seneqalın çempionluq titulundan məhrum edilməsində o da günahkarlardan biri hesab olunur.
Seneqal yığmasında meydana çıxdığı 45 matçda 7 qol vuran Pape Qeye DÇ-2026-da komandasının bütün oyunlarda start heyətdə yer alıb. Yarımmüdafiəçi qrup mərhələsinin son turunda İraqla qarşılaşmada dubla imza atmışdı.