Ukraynanın “Xarkov” klubunun baş məşqçisi Mladen Bartuloviç Avstriya toplanışı çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” üzərində qazandıqları 6:2 hesablı qələbəni şərh edib.
Klubun rəsmi saytına danışan mütəxəssis ilk yoxlama matçında komandasının performansından razı qaldığını bildirib: “Biz hesaba yox, oyunun keyfiyyətinə və uşaqların hazırlıq səviyyəsinə diqqət yetiririk. Çünki bu, toplanışdakı ilk sparrinqimiz idi. Təbii ki, güclü rəqibə qalib gəlmək həmişə xoşdur. Bəlkə də, ‘Qarabağ’ bu gün optimal heyətlə meydanda deyildi. Lakin onların heyətində kifayət qədər səviyyəli futbolçular var idi və bu, artıq rəqibin problemidir. Biz öz işimizi görürük, taktiki gedişlərimizi sınaqdan keçiririk. İlk sınaq matçından hərtərəfli razı qaldıq”.