Dünya çempionatındakı uğursuzluqdan sonra iki tanınmış mütəxəssis – Niderland millisinin baş məşqçisi Ronald Kuman və Uruqvay yığmasının çalışdırıcısı Marselo Bielsa istefa verdi.
Turnirlə vaxtından əvvəl vidalaşan Uruqvay qrup mərhələsini adlaya bilmədi. Bu uğursuzluğun ardından mətbuat konfransı keçirən 70 yaşlı uruqvaylı mütəxəssis Bielsa baş məşqçi postundan getdiyini bəyan edib. “Məsuliyyətim bəllidir. Turnirdəki yekun nəticəmizə heç bir bəraət qazandıra bilmərəm”, — deyə RMC Sport onun sözlərini sitat gətirib.
Uruqvaydan fərqli olaraq, Niderland qrupdan çıxsa da, onların da dünya çempionatındakı yolu qısa oldu və 1/16 finalda Mərakeşə penaltilər seriyasında uduzmaqla başa çatdı. Yeri gəlmişkən, “narıncılar” 2014 və 2022-ci illərdə də mundialdan məhz penalti seriyası ilə kənarlaşdırılmışdılar.
Bu məğlubiyyət Ronald Kumanın ünvanına kəskin tənqidlərin səslənməsinə səbəb oldu. Fox Sports studiyasında çıxış edən Zlatan İbrahimoviç niderlandlı mütəxəssisi qorxaq futbolda ittiham etdi:“Çox məyusam. Bu oyun Niderlandın futbol fəlsəfəsinə tamamilə ziddir. Mən vaxtilə bu ölkədə çıxış edərkən bir şeyi öyrənmişdim: hücum futbolu. Bu gün isə Kuman italyan məşqçiləri kimi komanda oynatdı. Bu, məni qəzəbləndirir və günahkar tamamilə onun özüdür”.
Tənqidlərin ardınca 63 yaşlı Ronald Kuman instaqram hesabında uzun bir vida postu paylaşaraq rəsmən istefa verdiyini açıqlayıb: “Hamımız tarix yazacağımız bir dünya çempionatı arzulayırdıq, amma alınmadı. Heç kim məndən çox məyus ola bilməz. Baş məşqçi olaraq bu məsuliyyəti üzərimə götürürəm”.
Kuman postunda xərçəng xəstəliyi ilə mübarizə aparan həyat yoldaşı Bartinaya da xüsusi təşəkkür edib: “Son bir neçə il mənə anlatdı ki, həyatda futboldan daha vacib şeylər var. Sağlamlıq əvəzolunmazdır. Həyat yoldaşım Bartina öz xəstəliyinə rəğmən, hər gün mənə dəstək oldu. Bu, inanılmaz bir iradənin nümunəsidir”.
Xatırladaq ki, Ronald Kuman Niderland yığmasının sükanın arxasına 2023-cü ildə keçmişdi.