Braziliya millisinin hücumçusu Vinisius Junior uşaqlıq xatirələrindən danışarkən göz yaşlarını saxlaya bilməyib.
DÇ-də möhtəşəm oyun nümayiş etdirən və qrup mərhələsində vurduğu 4 qolla “sambaçılar”ı pley-offa daşıyan 25 yaşlı vunderkind ölkəsində yayımlanan məşhur televiziya proqramının qonağı olub. Verilişdə “Rea”in ulduzu Braziliyanın mundialdakı hədəfi ilə yanaşı, şəxsi həyatına dair maraqlı məqamlara da toxunulub.
Canlı yayımda Vinisius Juniora nənəsi Dona Nilzanın videomüraciəti nümayiş etdirilib. Nənəsi onun uşaqlığından və futbol sevgisindən danışarkən maraqlı bir sirrin üstünü açıb. O, nəvəsinin 16 yaşına qədər onunla eyni çarpayıda yatdığını etiraf edib. Bu sözləri eşidən braziliyalı ulduz kövrələrək göz yaşlarını saxlaya bilməyib. “Nənəm həyatımdakı ən vacib insandır. Mənim üçün hər şey edib. Evimiz çox kiçik idi, ona görə də mən onunla eyni çarpayıda yatmalı olurdum. Onun mənim üzərimdəki əməyini sözlərlə ifadə edə bilmərəm”, – deyə futbolçu Gshow nəşrinə bildirib.
Ailə dəyərlərinə böyük önəm verən və anası, qardaş-bacıları, eləcə də nənəsi ilə böyüyən Vinisius ailəsinin onun xəyallarını reallaşdırmaq üçün hər fədakarlığa qatlaşdığını vurğulayıb: “Hər fürsətdə nənəmlə vaxt keçirməyə, hər anın dadını çıxarmağa çalışıram. Çünki bilirəm ki, gec-tez insanlar bu dünyadan köçürlər. Ailəm mənim xəyallarımı gerçəkləşdirmək üçün əlindən gələni etdi”.
Bu ğun Braziliya yığması 1/16 final mərhələsində Yaponiya ilə qarşılaşacaq. Oyun saat 19:00-da başlayacaq.