Mundialdakı uğursuz çıxışdan sonra Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo istefa verib. Turnirdən dərhal sonra vətəninə dönən mütəxəssis sosial şəbəkələrdə kəskin tənqid hədəfinə çevrilib. Onu ən sərt tənqid edənlərdən biri isə ölkə prezidenti Li Cje Myon olub. Dövlət başçısı məşqçinin məsuliyyətə cəlb olunmasını tələb edib.
Turnirə Çexiya üzərində 2:1 hesablı qələbə ilə başlayan komanda, növbəti oyunlarda Meksikaya (0:1) və gözlənilmədən Cənubi Afrikaya (0:1) məğlub olub. Qrupu üçüncü pillədə başa vuran asiyalılar digər qruplardakı nəticələrdən asılı olaraq, ən pis göstəriciyə malik “üçüncülər” sırasına düşüblər və turnirlə vaxtından əvvəl vidalaşıblar.
Prezident Li Cje Myon “X” platformasında etdiyi paylaşımlarda həm kadr siyasətini tənqid edib, həm də idman rəhbərliyində ciddi islahatların anonsunu verib: “Bu gözlənilməz nəticə məni şoka saldı. Dünya çempionatında iştirak üçün böyük həcmdə vergi vəsaitlərinin ayrıldığını və dövlət dəstəyinin olduğunu nəzərə alaraq, Mədəniyyət, İdman və Turizm Nazirliyindən bu vəziyyətin səbəblərini dərindən araşdırmağı, analoji halların təkrarlanmaması üçün kompleks tədbirlər planı hazırlamağı tələb edirəm. İdman idarəçiliyində bu cür uğursuzluqlara yol verməyəcək islahatları dərhal həyata keçirəcəyik”.
Qeyd edək ki, Hon Myon Bo Cənubi Koreya futbolunun real əfsanəsidir. Milli komandada 125 oyun keçirən sabiq müdafiəçi, yığmanın 4-cü yeri tutduğu 2002-ci il DÇ də daxil olmaqla, dörd böyük turnirdə ölkəsini təmsil edib. O, milliyə ilk olaraq 2013-2014-cü illərdə rəhbərlik etmiş, ikinci dəfə isə yığmanın sükan arxasına 2024-cü ildə keçmişdi.
Bununla da Hon Myon Bo bu Dünya Çempionatından sonra postunu tərk edən növbəti mütəxəssis olub. Xatırladaq ki, daha əvvəl Şotlandiyanın baş məşqçisi Stiv Klark gedişini elan etmiş, Tunis millisinin çalışdırıcısı Sabri Lamuşi isə İsveçə qarşı ilk oyundakı ağır məğlubiyyətdən (1:5) dərhal sonra qovulmuşdu.