DÇ-2026-da tətbiq olunan məcburi “su fasilələri” yayım şirkətləri üçün böyük reklam gəlirinə çevrilib. BBC-nin məlumatına görə, ABŞ-nin Fox Sports telekanalı təkcə bu fasilələr hesabına 250 milyon dollardan çox qazanc əldə edəcək.
Yeni reqlamentə əsasən, hər hissənin ortasında oyunçuların su içməsi üçün nəzərdə tutulan 3 dəqiqəlik icbari fasilələr yayımçılar üçün əsl gəlir mənbəyinə çevrilir. Qaydalara görə, reklam çarxları hakimin fitindən 20 saniyə sonra efirə gedə bilər və oyunun bərpasına 30 saniyə qalmış yekunlaşmalıdır. Bu isə o deməkdir ki, yayımçıların hər matçda 8 ədəd 30 saniyəlik reklam nümayiş etdirmək imkanı var ki, bu da bütöv turnir boyu ümumilikdə 832 reklam çarxı deməkdir.
“Fox Sports”da adi oyunlar zamanı 30 saniyəlik reklamın qiyməti 200-300 min dollar arasında dəyişir. ABŞ millisinin oyunlarında və pley-off mərhələsində isə bu məbləğ 750 min dollara yüksəlir.
Dünya miqyasında (Meksika, Kanada, Avropa, Asiya və Afrika ölkələri daxil olmaqla) bu fasilələrdən gələn ümumi qazancın 1 milyard dolları ötəcəyi gözlənilir.
Böyük Britaniyanın BBC (reklam yayımlamır) və ITV (60 dəqiqəlik limit səbəbindən) kanalları, eləcə də ABŞ-nin ispandilli Telemundo kanalı bu fasilələrdə reklam nümayişindən imtina edib.
Hazırda reklam slotlarını yayımçılar özləri satdığı üçün FIFA bu prosesdən birbaşa gəlir əldə etmir. Lakin bu təcrübə növbəti dünya çempionatlarında da tətbiq olunarsa, FIFA növbəti yayım hüquqlarının satış qiymətini qaldıraraq öz qazancını əhəmiyyətli dərəcədə artıra bilər.