Dünya çempionatının startından əvvəl qrupun əsas favoritlərində biri hesab olunan Türkiyə millisi üçün Amerika macərası gözlənilməz uğursuzluqla başa çatdı. Cəmi iki oyundan sonra Vinçenso Montellanın yetirmələri pley-off ümidlərini tamamilə itirərək turnirlə vidalaşmalı oldular. İlk turda Avstraliyaya sensasiyalı məğlubiyyətdən (0:2) sonra “Ay-ulduzlular” üçün Paraqvay matçı ölüm-dirim savaşına çevrilmişdi. Çünki cənubi amerikalılar da ilk oyunda ev sahibi ABŞ-a böyük hesabla (1:4) uduzmuşdu və hər iki komandanın səhv etmək limiti tükənmişdi.
Lakin qarşılaşma türklər üçün əsl kabusla başladı. Start fitindən cəmi 64 saniyə keçmişdi ki, müdafiənin bir anlıq diqqətsizliyindən maksimum yararlanan Matias Qalarsa cərimə meydançasından kənardan vurduğu qəfil və baxımlı zərbə ilə Paraqvayı önə keçirdi. Bu şok qoldan sonra Türkiyə millisi uzun müddət özünə gələ bilmədi və hücumda sanki divara çırpılırdı. Yalnız 35-ci dəqiqədə Hakan Çalhanoğlunun standart vəziyyətdən ötürməsindən sonra müdafiəçi Mert Müldürün baş zərbəsi rəqib qapısının dirəklərində qaldı. Bu, ilk hissənin bəlkə də ən təhlükəli epizodu idi.
İlk hissənin sonuna əlavə olunmuş dəqiqələrdə isə meydanda dünya mətbuatında hələ uzun müddət müzakirə olunacaq bir qalmaqal yaşandı. Paraqvayın futbolçusu Miqel Almiron rəqiblə mübahisə zamanı əli ilə ağzını tutduğu üçün VAR baxışından sonra baş hakim İvan Barton tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Turnirdə tətbiq edilən yeni nizamnamə qaydalarının qurbanı olan Almiron komandasını azlıqda qoydu.
İkinci hissədə hər kəs Türkiyənin say üstünlüyündən istifadə edərək geri dönüş edəcəyini gözləyirdi. “Ay-ulduzlular” 45 dəqiqədən çox bir müddətdə rəqibi meydanın özünə aid hissəsinə sıxışdırsalar da, bu üstünlük yalnız statistika əksin tapdı. Komandanın hücumları kəsərsiz, son ötürmələri isə qeyri-dəqiq idi. Oyunun son saniyələrində isə Merih Demiralın əlverişli mövqedən topu qapıdan keçirə bilməməsi Türkiyənin bu turnirdəki son ümidlərini də dəfn etdi. Oyun boyu qapıya vurulan 32 zərbə və qazanılan 12 künc zərbəsi heç bir nəticə vermədi — 0:1.
Bu məğlubiyyətin ardından riyazi hesablamalar Türkiyə üçün acı reallığı ortaya qoydu. İki turdan sonra 6 xalı olan ABŞ qrupdan çıxmağı təmin edib, Avstraliya və Paraqvayın isə 3 xalı var. Son turda Türkiyə millisi ABŞ-ı məğlub etsə belə, reqlamentə əsasən şəxsi oyunlardakı uğursuzluq (həm Avstraliyaya, həm də Paraqvaya məğlubiyyət) komandanın qrupda 3-cü yerə yüksəlməsini qeyri-mümkün edir. Beləliklə, Türkiyə, Braziliyaya uduzan Haitidən sonra 2026-cı il Dünya Çempionatından rəsmən tərk edən ikinci komanda oldu.
Dünya kuboku. D qrupu, II Tur
Türkiyə – Paraqvay – 0:1
Qol: Qalarsa, 2′
Xəbərdarlıqlar: Elmalı, 71′ – Qalarsa, 4′
Qırmızı vərəqə: Almiron, 45+3′ (Qeyri-idman hərəkəti)
Türkiyə: Çakır – Kadıoğlu (Elmalı, 71), Bardakcı (Kökçü, 86), Demiral, Müldür – Çalhanoğlu, Yüksek (Uzun, 60) – Yıldız, Güler, Akgün (Gül, 60) – Aktürkoğlu (Yılmaz, 46).
Paraqvay: Gill – Alonso, Alderete, Q. Qomes, Kaseres (Maydana, 81) – Almiron, Qalarsa (Avalo, 90+2), Kubas, D. Qomes (Velaskes, 67) – Ensiso (Kanale, 90+1), Pitta (Bobadilla, 46).
Baş hakim: İvan Barton (Salvador)
Stadion: “Livays Stedium” (Santa-Klara, Kaliforniya)
Statistika:
Zərbələr (Çərçivəyə): 32 (7) – 7 (2)Künc zərbələri: 12 – 0