Braziliya millisinin ulduz futbolçusu Neymarın zədə problemi hələ də davam edir. Hücumçu “selesao”nun mundialdakı ikinci oynunu da buraxmalı olacaq. O, cümə günü Filadelfiyada Haiti ilə keçiriləcək qarşılaşmada meydanda olmayacaq.
Maydan bəri baldır əzələsindəki zədədən əziyyət çəkən 34 yaşlı oyunçu, bu səbəbdən Mərakeşlə bərabərliklə bitən (1:1) görüşü kənardan izləməli olmuşdu. Çərşənbə günü məşqlərə qayıtsa da, tibbi heyət onun hələ tam hazır olmadığı qənaətindədir.
Braziliya Futbol Konfederasiyasının (CBF) yaydığı rəsmi bəyanatda bildirilir: “Neymar reabilitasiyanın son mərhələsini tamamlamaq üçün Nyu-Cersi ştatında qalacaq. O, “Columbia Park” təlim-məşq bazasında yerləşən “The Ridge” otelinin yüksək şəraitindən yararlanaraq müalicəsini davam etdirəcək”.Karyerası ərzində “Barselona” və PSJ kimi nəhənglərin formasını geyinmiş Neymar dünya futbolunun ən parlaq istedadlarından biri sayılır. O, 2017-ci ildə Kataloniya klubundan Paris təmsilçisinə 222 milyon avroluq keçidi ilə hələ də futbol tarixinin ən baha transferi rekordunu əlində saxlayır. Bununla belə, son illər davamlı zədələrlə mübarizə aparan ulduz oyunçu, yığmanın formasını sonuncu dəfə 2023-cü ilin oktyabrında geyinib”.