Bu gün futbol üzrə UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq. Ölkəmizi turnirdə təmsil edən “Zirə”nin ilk rəqibinin adı bəlli olacaq.
Püşkatma öncəsi reytinqinə görə səpələnmişlər səbətində yer alan “qartallar”ın potensial rəqiblərinin tam siyahısı artıq bəllidir. Nisbətən zəif komandaların yer aldığı səbətdən təmsilçimizə rəqib ola biləcək klublar sırasına “Torpedo” (Kutaisi, Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Virtus” (San-Marino), “Liepaya” (Latviya), “İlves”, “İnter Turku” (hər ikisi Finlandiya), “Konnas Kuey”, “Penibont”, “Karnarfon Taun” (hamısı Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Gibraltar), “Malişeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Dinamo Siti”, “Elbasani” (hər ikisi Albaniya), “UNA Ştrassen”, “Mondorf-le-Ben” (hər ikisi Lüksemburq), “Heqelmann” (Litva), “NSI Runavik” (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Mornar”, “Petrovats” (hər ikisi Monteneqro), “Glentoran” (Şimali İrlandiya), “Marsaşlokk” (Malta) və “Nımme Kalyu” (Estoniya) daxildir.
İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 9-da, cavab qarşılaşmaları isə iyulun 16-da keçiriləcək.
Ölkəmizin turnirdəki digər təmsilçisi “Neftçi” isə mübarizəyə birbaşa 2-ci təsnifat mərhələsindən qoşulacaq. “Ağ-qaralar”ın rəqibi sabah təşkil olunacaq növbəti püşkatma mərasimində müəyyənləşəcək.