Norveç yığması DÇ-2026-ya xüsusi komfortlu VIP-layner – “Boeing 757” təyyarəsi ilə yola düşəcək. Maraqlı məqam ondadır ki, bu model ABŞ-ın keçmiş prezidenti Donald Trampın illərlə istifadə etdiyi və geniş ictimaiyyətə “Trump Force One” kimi tanınan şəxsi təyyarəsi ilə eyni tipdədir.
Norveç Futbol Federasiyasının (NFF) bu icarə müqaviləsi üçün ödədiyi məbləğ rəsmi olaraq açıqlanmasa da, aviasiya ekspertlərinin hesablamalarına görə, yanacaq və xidmət xərcləri nəzərə alınmaqla, uçuşun bir saatı təxminən 20 000 – 30 000 dollar arasında dəyişir.
Baş məşqçi Stale Solbakkenin rəhbərliyi altında 26 futbolçu və 33 nəfərlik texniki heyət, İsveçə qarşı keçiriləcək yoxlama oyunundan dərhal sonra Oslodan havaya qalxacaq. Komanda ABŞ-ın Şimali Karolina ştatının Qrinsboro şəhərində məskunlaşacaq.
Qeyd edək ki, mundialın qrup mərhələsində “Vikinqilər” İraq (Boston), Seneqal (Nyu-Cersi) və Fransa (Boston) yığmaları ilə mübarizə aparacaqlar.