İngiltərənin Hempşir qraflığında ciddi insident qeydə alınıb. Premyer Liqanın sabiq oyunçusu, hazırda Niderlandın “Feyenoord” klubunda çıxış edən Rahim Sterlin avtomagistralında qəzaya uğrayıb.
“The Sun” nəşrinin yaydığı məlumata görə, 31 yaşlı vingerin idarə etdiyi avtomobil yoldan çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə gələn polis əməkdaşları futbolçunu sərxoş vəziyyətdə avtomobil idarə etməkdə şübhəli bilərək saxlayıb. Bununla yanaşı, oyunçunun üzərindən “C” sinfinə aid narkotik maddələr (valium, azot oksidi və anabolik steroidlər) aşkarlandığı bildirilir. İlkin məlumata görə, qəza zamanı digər nəqliyyat vasitələrinə ziyan dəyməyib və xəsarət alan olmayıb. Hazırda istintaq davam edir, futbolçu isə zaminə buraxılıb.
Qeyd edək ki, karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal” kimi nəhənglərin şərəfini qorumuş ulduz futbolçu dörd dəfə Premyer Liqanın qalibi olub. İngiltərə millisinin heyətində 82 oyun keçirən vinger, 2021-ci il Avropa çempionatının gümüş medalını qazanıb.
Xatırladaq ki, ötən il “Çelsi”dəki karyerasında eniş yaşayan Sterlin əsas komandadan kənarlaşdırılmış, məşqlərdə və klubun bazasında iştirakına qadağa qoyulmuşdu. Bu hadisənin futbolçunun psixoloji vəziyyətinə ciddi təsir etdiyi və karyerasında böyük boşluq yaratdığı qeyd olunurdu. O, cari ilin fevralında “Feyenoord”a keçməklə karyerasını bərpa etməyə çalışsa da, baş verən bu son insident yenidən diqqətləri onun üzərinə çəkib.