Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı yığmamız üçün uğurlu seriya ilə davam edir. Yarışların üçüncü günündə yunan-Roma güləşçilərimiz parlaq qələbələrlə azarkeşləri sevindiriblər.
Günün əsas hadisəsi Həsrət Cəfərovun (67 kq) çıxışı olub. Finalda Türkiyə təmsilçisi Murat Fıratla gərgin mübarizə aparan pəhləvanımız 7:5 hesabı ilə qələbə qazanaraq karyerasında 4-cü dəfə qitənin ən güclüsü adını qazandı.
Xalça üzərinə çıxan digər təmsilçimiz Nihat Məmmədli (60 kq) bürünc medal uğrunda görüşdə UWW-ni təmsil edən Suner Konunovu 6:0 hesabı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxdı.
Hazırda bütün diqqətlər Qurban Qurbanova (82 kq) yönəlib. Ötən ilin Avropa çempionu olan güləşçimiz titulunu qorumaq üçün finalda Adlet Tülyubayevlə (UWW) üz-üzə gələcək.
Qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) uğurlu start götürüb. O, ilk görüşündə Almaniya təmsilçisi Yelena Bruqqerə şans verməsə də (7:0), yarımfinalda ukraynalı Mariya Vinnikə məğlub olub (2:6). Günay sabah bürünc medal üçün Marta Getmanova (UWW) ilə qarşılaşacaq. Digər təmsilçimiz Elnurə Məmmədova (50 kq) isə ilk mərhələdə polyak rəqibinə uduzaraq yarışı erkən başa vurub.
Hazırda millimizin hesabında 4 medal var: Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala sahib çıxıblar.
Qurban Qurbanovun final görüşündən sonra bu medalların sayının artacağı və keyfiyyətinin dəyişəcəyi gözlənilir. Turnir davam edir.