Gürcüstanda keçirilən cüdo üzrə Avropa çempionatı Azərbaycan yığması üçün gərgin mübarizə və növbəti medal sevinci ilə davam edir. Yarışın üçüncü günündə daha dörd təmsilçimiz tatami üzərinə çıxıb.
Günün əsas qəhrəmanı Zelim Tskayev (81 kq) olub. Yarışa birbaşa ikinci mərhələdən başlayan cüdoçumuz ilk görüşündə sloveniyalı Naçe Herkoviçə qalib gəlib. 1/8 finalda bolqarıstanlı Qeorqi Qramatikovu, 1/4 finalda isə komanda yoldaşı Ömər Rəcəblini mübarizədən kənarlaşdıran serbiyalı Vasiliye Qruiçiçi məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə gürcüstanlı ulduz Tato Qriqalaşviliyə uduzan Zelim bürünc medal uğrunda həlledici qarşılaşmaya çıxıb. Belçikalı tanınmış cüdoçu Mattias Kasse ilə gərgin keçən mübarizədən qalib ayrılan Tskayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Eyni çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli startda rusiyalı Əbdülkərim Tasuyevi məğlub etsə də, 1/8 finalda Vasiliye Qruiçiç səddini keçə bilməyərək yarışı vaxtından əvvəl başa vurub.
90 kq çəki dərəcəsində çıxış edən Murad Fatiyev isə ilk görüşündə rumıniyalı Aleks Kretlə bacarmayıb və turnirlə vidalaşıb.
Qadınların mübarizəsində Südabə Ağayeva (70 kq) inamlı startla diqqət çəkib. O, ardıcıl olaraq Maya Qoşen (İsrail) və Kelli Petersen Pollarda (Böyük Britaniya) qalib gələrək 1/8 finala adlayıb. Lakin bu mərhələdə macarıstanlı Şofi Ozbaşla qarşılaşma təmsilçimiz üçün uğursuz bitib.
Hazırda mmillimizin hesabında 4 medal var: Hidayət Heydərov (73 kq) ikinci, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tskayev (81 kq) yarışı üçüncü pillədə başa vrublar.