Ötənlərin tanınmış futbolçusu Kamal Quliyevin AFFA ilə bağlı şikayətini gördüm. Səhv etmirəmsə bu ilk deyil. Təbii ki, Kamalın düşdüyü vəziyyət üzücüdür və çıxılmaz vəziyyət onu bu cür üsyana məcbur edir. Odur ki, onun tezliklə şəfa qazanmasını diləyirik. Amma Kamalın AFFA-dan müalicə olunmasını tələb etməsi, futbol qurumunu günahlandırması nə dərəcədə haqlıdır, nə dərəcədə məntiqlidir? Ümumiyyətlə, Azərbaycan futbolunda bu cür yanaşma çoxlarının düşüncəsinə hopub və ara-sıra eşidirik ki, filankəs işsizdir AFFA ona niyə iş vermir? AFFA bu ölkədə haqlı ya haqsız ən çox tənqidlərə məruz qalan, və tam səmimiyyətimizlə etiraf edək ki, məntiqli-məntiqsiz bütün tənqidi hücumlara ən tolerant yanaşan qurumdur. Amma tənqidin də əndazəsi, məntiqi olmalıdır. Vaxtilə Hüsü Hacıyev küçəsində uşaqlıq illərimizin qəhrəmanlarını görəndə gözlərimiz bərələ qalırdı. Amma bu qəhrəmanların AFFA-nın ofisi ətrafında dolaşıb ələbaxımlıq etməsini biləndə çox üzülürdük. Hələ Sovet dövründə özlərinə nüfuz, mal-mülk toplasalar da AFFA-dan iş, pul, dilənçi haqqı ümidi ilə bütün günü oralarda fırlanırdılar. Halbuki, qazandıqları pul, mal-mülk və ad-sanla özlərinə yaxşı həyat qura bilərdilər. Hələ siz o məşhurların pullu klub rəhbərlərinin qarşısında necə yalaqlıq etdiyini görərdiniz? Vurduqları qolları, yaşatdıqları sevincləri bu mənzərə ilə burnumuzdan gətirirdilər.
Bir dəfə mətbuat yenə coşmuşdu ki, bəs filankəs işsiz qalıb, AFFA ona niyə iş vermir? Adını çəkmək istəmədiyim bu futbolçu nəinki klubda, hətta milli komandada da pulsuz bir oyuna belə çıxmazdı. Vay olardı onun 5 manatını gecikdirərdilər, bütün komandanı qatardı bir-birinə. Amma mətbuat yazırdı ki, onun Azərbaycan futbolu qarşısında xidmətləri olub. Adam oynayıb pulunu alıb, pulunu verməyəndə isə şivən salıb. Söhbət hansı xidmətdən gedir? Pulsuz heç bir oyuna belə çıxmazdı o futbolçu. İndi mən uzun illər müxtəlif mətbuat orqanlarında işləmişəm, gedim düşüm onların üstünə ki, mənə pul ver, ev ver, həkimə göndər? İşləmişəm pulumu almışam, maaşı gecikdirəndə isə etiraz etmişəm. Kamal Quliyev deyir ki, “mən Azərbaycan futbolunu legioner kimi ən yaxşı təmsil edən futbolçulardan biri olmuşam. 3 il Ukraynada ölkəmi layiqincə təmsil etmişəm”. İndi gəlin soruşaq görək Kamal Ukraynaya pul qazanmağa gedib, ya ölkəni təmsil etməyə? O zaman ölkə futbolunda durğunluq vardı, qalmaqal vardı, pulsuzluq vardı və bir çox futbolçular nəinki Ukraynaya, hətta İrana gedirdilər, amma pul qazanmaq üçün. “Legioner kimi yaxşı təmsil etmişəm” deyəndə ki, “Volın”da oynamısan, ortababdan da aşağı bir Ukrayna klubunda – 39 oyun bir qol. Mənim dayım uzun illər gedib Rusiyada işləyib, pul qazanıb, amma bu o demək deyil ki, o ölkəni təmsil edib. Sənin pulunu verməsələr Ukraynanı qoyub İrana gedəckdin. Yaxşı bəs o qazandığın pullar, aldığın mükafatlar haradadır? Səninlə Ukraynda oynayan futbolçular pis-yaxşı özlərinə şərait yaradıblar, səndən zəif futbolçular da bu gün “maşallah” normal şəraitləri var. Çünki, aldıqları pulu düzgün xərcləyiblər, həyatlarını düzgün yaşayıblar. Əlbəttə, Kamal Quliyevin düşdüyü durum ağrılı insan taleyidir, xüsusən də onu tanıyanlar, onun oynadığı dövrdə azarkeş olanlar üçün. Amma buna görə nə AFFA məsuliyyət daşıyır, nə FİFA. O ki, qaldı müalicəyə, bu xeyriyyə məsələsidir və dünyanın hər yerində belə məsələlərə fərdi xeyriyyəçilər və ya xeyriyyə təşkilatlar qol qoyur. Bu qədər qazısı, şəhidi, şəhid ailəsi olan bir ölkədə xeyriyyəçini onları kənara qoyub həyatını yanlışlarla yaşamış bir futbolçuya dəstək olmamasına görə qınamaq da olmur. Hara fırlatsan, heç kimi qınamaq olmur.