AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan-Tovuz” – “Zirə” oyunundan sonra baş verən hadisələr müzakirə olunub və klublara qarşı ciddi sanksiyalar tətbiq edilib.
İclasın ən diqqətçəkən qərarı “Turan-Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevlə bağlı olub. Belə ki, klub rəsmisi qarşılaşmadan sonra verdiyi bəyanatlarla AFFA-nın, onun orqanlarının və quruma daxil olan təşkilatların nüfuzuna xələl gətirməkdə, eləcə də qurumun etibarlılığını qəsdən şübhə altına almaqda ittiham olunub. Bu addımına görə Tovuz təmsilçisi 15 000 manat məbləğində cərimə edilib.
Qərarlar bununla bitməyib. Oyun zamanı tovuzlu azarkeşlər tərəfindən rəqib və rəsmi şəxslər ünvanına kütləvi şəkildə səsləndirilən təhqiramiz ifadələr də intizamsızlıq kimi qiymətləndirilib. Bu səbəbdən klub əlavə 5 000 manat cərimə olunub. Beləliklə, “Turan-Tovuz” bir matça görə ümumilikdə 20 min manat itiriib.
Qonaq komanda “Zirə” də intizam sanksiyalarından kənarda qalmayıb. Paytaxt təmsilçisi futbolçularının oyun ərzində həddindən artıq sarı vərəqə alması (limitin aşılması) səbəbindən 700 manat cərimə ödəyəcək.