Azərbayca Premyer Liqasının IX turunun mərkəzi qarşılaşmasında çempionluğa iddialı “Sabah” və “Qarabağ” komandaları üz-üzə gəlib. “Dalğa Arena”da keçirilən gərgin mübarizə qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.
Turun əsas oyunundan gözlənildiyi kimi, tərəflər azarkeşlərə maraqlı və dinamik futbol nümayiş etdiriblər. İlk hissədə komandalar nisbətən ehtiyatlı oynasalar da, rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmağı bacarıblar. Bəzi epizodlarda Valdas Dambrauskasın yetirmələri hücumda daha kəskin təsir bağışlayıblar.
Fasilədən sonra isə hər iki komanda hücumlara daha çox üstünlük verib. Yüksək tempdə keçən mübarizədə həm “Sabah”, həm də “Qarabağ” fərqlənməyə yaxın olsa da, hücumların sonluğunda dəqiqlik çatmayıb. Meydan sahibləri iki dəfə topu rəqib qapısından keçirsələr də, hər iki qol qeydə alınmayıb. İlk epizodda ofsayd, ikincidə isə əllə oyun qayda pozuntusu müəyyən edilib.
Beləliklə, komandalar qolsuz heç-heçə ilə kifayətləniblər. Bu nəticə turnir cədvəlindəki vəziyyətə ciddi təsir göstərməyib: “Sabah” liderliyini qoruyub, “Qarabağ” isə “Neftçi” ilə eyni xala malik olsa da, üçüncü pillədə qalıb. Beləliklə, çempionluq uğrunda mübarizənin həlledici mərhələsinin hələ qarşıda olduğu bir daha təsdiqlənib.
Qeyd edək ki, “Sabah” bu görüşdə ilk dəfə ev oyununu “Dalğa Arena”da keçirib. Qarşılaşmanı rəsmi məlumata görə, 5180 tamaşaçı izləyib.
“Sabah” – “Qarabağ” – 0:0
Baş hakim: Rəşad Əhmədov.
“Sabah”: Stas Pokatilov, Aleksey İsayev (Du Keyros, 61), Cey-Lens Mikels, Velko Simiç (Kristian Nvaçukvu, 76), Akim Zedadka, Stiv Solvet, Timoteuş Puxaç, İvan Lepinitsa, Kahim Parrisin (Orfe Mbina, 61), Umarali Rəhmonəliyev, Eydən Makkarti.
“Qarabağ”: Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Marko Yankoviç, Kadi, Mateus Silva, Bruno Lanqa, Renaldo Sefas, Zakariya Savo (Cali Muaddib, 72), Aleksey Kaşuk (Samuel Lobato, 72), Bence Varkoşni, Dieqo Roza (Pedro Bikalyu, 72).
Sarı vərəqələr: Yankoviç, Kaşuk, Du Keyros.
| Komanda | O | Q | H | M | T-F | X |
| Sabah | 8 | 6 | 2 | 0 | 18-1 | 20 |
| Neftçi | 9 | 5 | 3 | 1 | 22-9 | 18 |
| Qarabağ | 8 | 5 | 3 | 0 | 14-7 | 18 |
| Turan-Tovuz | 9 | 4 | 3 | 2 | 8-6 | 15 |
| Zirə | 9 | 4 | 3 | 2 | 12-12 | 15 |
| Kəpəz | 8 | 4 | 2 | 2 | 9-9 | 14 |
| Şamaxı | 9 | 3 | 4 | 2 | 13-11 | 13 |
| İmişli | 9 | 3 | 1 | 5 | 9-14 | 10 |
| Sumqayıt | 8 | 2 | 2 | 4 | 12-13 | 8 |
| Qəbələ | 9 | 2 | 1 | 6 | 5-16 | 7 |
| Şəfa | 9 | 1 | 0 | 8 | 5-17 | 3 |
| Araz-Naxçıvan | 9 | 0 | 2 | 7 | 7-19 | 2 |
Bombardir: B. Almeyda (“Neftçi”) – 8 qol