Premyer Liqada “Zirə” və “Şamaxı” klublarının formasını geyinmiş Brahim Konatenin karyerasını harada davam etdirəcəyi aydınlıq gəlib. 30 yaşlı yarımmüdafiəçi Kiprin “Nea Salamina” klubu ilə anlaşıb.
Fransalı futbolçu avqustun əvvəlində “Zirə” ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etmişdi. Yeni klubu ilə ilkin razılıq əldə edən təcrübəli oyunçunun yaxın günlərdə Kiprə gedərək tibbi müayinədən keçəcəyi və bundan sonra 1+1 illik rəsmi müqaviləyə imza atacağı bildirilib.
1996-cı il martın 20-də Fransanın Monfermey şəhərində anadan olan yarımmüdafiəçi məşhur “Oser” akademiyasının yetirməsidir. O, karyerası ərzində yetirməsi olduğu klubla yanaşı, “Şamua Nyor”un heyətində Fransa Liqa 2-də də çıxış edib. Fransanın U-20 gənclər millisinin də şərəfini qorumuş oyunçu müxtəlif illərdə İspaniyanın “Fuenlabrada” və “Rayo Maxadahonda”, Litvanın “Kauno Jalgiris”, eləcə də İsrailin “Hapoel Afula” komandalarının uğurları üçün tər töküb.
2025-ci ilin yayında “Şamaxı”dan “Zirə”yə keçən Konatenin ölkəmizdəki sərgüzəşti isə qısa çəkıb və o, karyerasında yeni səhifə açmaq üçün Kipr yolunu tutdu.