Ölkə kubokunda günün ikinci qarşılaşmasında Premyer Liqanın iki təmsilçisi üz-üzə gəldi. Hazırda çətin günlərini yaşayan “Neftçi” səfərdə “Zirə” ilə qarşılaşdı. Rəqiblər cari mövsümdə yalnız bir dəfə görüşüblər. İlk turda baş tutan həmin oyun bərabərliklə sonuclanmışdı. Həmin vaxtdan bəri Rəşad Sadıqovun komandasında nəzərəçarpan dəyşiklik olmayıb. “Zirə” ötən mövsümdə olduğu kimi, yenə yüksək yerlər uğrunda mübarizə aparır. Təəssüf ki, bu fikirləri ölkə futbolunun “qocaman” klubuna şamil etmək olmaz. Bir müddət əvvəl “Neftçi” məşqçi Samir Abasovla yollarını ayırdı. Hazırda isə müvəqqəti olaraq komandanı Sənan Qurbanov çalışdırır. Ancaq bu dəyşiklik komandanın oyununa ciddi təsiri olmayıb. Bunun qolsuz bərabərliklə bitən “Turan Tovuz”la matçda şahidi olduq. Klub rəhbərliyinə gəlincə, onların başı yeni məşqçi axtarışına qarışıb. Yerı gəlmişkən, vakant yerə namizədlərin siyahısında əsasən əcnəbi məşçilərin adları çəkilir.
Kubokda cütün qalibi məhz bir oyunda müəyyənləşdiyi üçün komandaların buraxılan səhvləri yoluna qoymaq şansı olmayacaqdır. Bu üzdən rəqiblər mərhələ adlamaq istəyini yalnız qələbə sayəsində reallaşdıra bilərdi. Lakin ilk yarıda tərəflər nisbətən ehtiyatlı oynamağa üstünlük verdi. “Zirə” ərazi üstünlüyünə malik olsa da, “Neftçi” müdafiədə səhvsiz oynadı. Doğrudur, 25-ci dəqiqədə Qismət Alıyev qol vurdu, amma hakim onu ləğv etdi.
İkinci hissə “Neftçi”nin fəalliğı ilə başladı və hətta bir epizodda Vensan Abubakar ustalıq nümayiş etdirdi. Onun zərbəsini qapıçı çıxardı. 65-ci dəqiqədə Abubakar yenə ustalıq nümayiş etdirdi. Elvin Bədəlovun ağıllı ara ötürməsini qəbul edən kamerunlu topu qapıçı üzərindən aşıraraq qol vurdu. Lakin VAR qola yox dedi. Oyunun qalan hissəsində oyun orta templı davam etdi, sanki komandalar oyunsonrası penaltilərə hazırlaşır. Lakin “Zirə” əlavə vaxtın sonuna 4 dəqiqə qalmış sürətli hücum təşkil etdi və Junior Martins hücumu məhsuldar zərbə ilə sonlandırdı. Sənan Qurbanov sanki yuxudan ayılırmış kimi dərhal əvəzetmələrə əl atdı. Amma niyə yorğunluq hiss olunan komandada vaxtında əvəzetmə etməməsinə yəqin ki, özü bir izah verəcək. “Neftçi” qalan qısa müddətdə irəli atıldı. Amma vəziyyəti dəyişməyə zamanı çatmadı.
Beləliklə, Premyer Liqada uğursuz çıxış edən “Neftçi” ölkə kubokundan da kənarda qaldı və daha bir mövsümü mükafatsız başa vuracağı siqnalını verdi.
Azərbaycan kuboku, 1/8 final
“Zirə” – “Neftçi” 1:0
Qol: Junior Martins, 116.
