“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Yevlaxdakı qələbədən sonra azarkeşlərə təşəkkür edib, komandadakı rəqabətdən və “Qarabağ”la oyunun təxirə salınmasından danışıb.
Azarkeş dəstəyi haqqında:
“Qələbə münasibətilə azarkeşlərimizi təbrik edirəm. ‘Forza Neftçi’nin möhtəşəm dəstəyi bizə belə nəticələr qazanmağa kömək edir. Fanatlarımızla fəxr edirəm”.
Hücumçular və rəqabət haqqında:
“Sambu və Abubakar hər ikisi keyfiyyətli hücumçulardır, onlar arasında seçim etmək mənim üçün çox çətindir. Hər ikisindən razıyam. Sevinirəm ki, bu gün komanda üçün çalışaraq qol vura bildilər.”
Komanda daxili ab-hava haqqında:
“Qələbə mükafatı? Futbolçular üçün ən böyük mükafat elə qələbənin özüdür. Bu gün əziyyət çəkib vacib 3 xal qazandıq. İndi iki gün istirahət edəcəyik. Oyun ritmini itirməmək üçün rəhbərlikdən yoldaşlıq oyunu təşkil etməsini xahiş etmişəm. Bizim heyətdə ‘ulduzlar’ yoxdur, biz bütöv bir komanda və ailəyik. Çünki ulduzları idarə etmək həmişə çətindir.”
“Qarabağ”la oyunun təxirə salınması haqqında:
“Oyunun təxirə salınması barədə çox danışmaq istəmirəm. Klub rəhbərliyi ilə məsləhətləşdik və Azərbaycanı Avropada təmsil edən ‘Qarabağ’a dəstək olmağa qərar verdik. Bu fasilə bizim oyunumuza mənfi təsir edə bilər, amma inanıram ki, hər şey yaxşı olacaq. ‘Qarabağ’a ‘Nyukasl’ üzərində qələbə arzulayıram. Bu, bütövlükdə Azərbaycan futbolunun xeyrinədir”.