Premyer Liqanın 26-cı turunda doğma meydanda “Sabah”a 2:4 hesabı ilə məğlub olan “Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev oyunsonrası mətbuat konfransında komandasının çıxışını dəyərləndirib. Mütəxəssis həm buraxılan qollardakı fərdi səhvlərə, həm də hakim idarəçiliyinə toxunub: “Oyuna kifayət qədər yaxşı hazırlaşmışdıq və rəqibi dərindən analiz etmişdik. Görüşə də pis başlamadıq, lakin adi bir anlaşılmazlıq və fərdi səhv ucbatından qapımızda qol gördük. İkinci qolu da bənzər şəkildə buraxdıq. Əslində, həmin epizodda qayda pozuntusu var idi, lakin baş hakim VAR-a müraciət etmədi. “Sabah” əks-hücumlarda çox təhlükəli komandadır, boşluq tapan kimi rəqibi cəzalandırmağı bacarırlar. Bu qarşılaşmadan azı bir xalla ayrılmaq istəsək də, planlarımız alınmadı. Biz səhvlərimizdən nəticə çıxarıb yolumuza davam edəcəyik”.
Nuriyev qarşılaşmanın gedişatındakı mübahisəli məqamlara və hakim qərarlarına da etirazını bildirib. O, hakimin bəzi epizodlarda rəqibə “rəğbət” bəslədiyini və bunun nəticəyə təsir etdiyini vurğulayıb: “Əlbəttə, hakimliklə bağlı suallarımız var. Nunu Rodriqeşə qarşı kobudluq edildi, lakin epizoda baxılmadı. “Sabah”ın vurduğu üçüncü qol zamanı da baş hakim VAR-a getmək ehtiyacı duymadı. Əgər ciddi bir qərar verirsənsə, mütləq təkrar görüntüləri izləməlisən. Bu cür qərarlar bizim oyunumuza və komandanın motivasiyasına ciddi mənfi təsir göstərdi”.