“Bavariya”nın aparıcı futbolçuları Yoşua Kimmix və Maykl Olise sarı vərəqə limitini qəsdən doldurduqlarına dair iddialardan “quru” çıxıblar. UEFA İntizam Komitəsi hər iki oyunçu barəsində əlavə sanksiya tətbiq etməmək qərarına gəlib.
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə “Atalanta”nı darmadağın edən (6:1) münhenlilərin heyətində Kimmix və Olise vaxtı uzatdıqları üçün xəbərdarlıq almışdılar. Bu vərəqələr onların limitini doldurduğu üçün futbolçular cavab qarşılaşmasını buraxmalı olacaqlar. Lakin vərəqələrin qəsdən, “təmizlənmə” məqsədilə alındığına dair şübhələr yaranmışdı.
Sky Sport-un insayderi Kerri Haunun verdiyi məlumata görə, UEFA-nın İntizam Komitəsi cümə axşamı keçirilən iclasda vərəqələrin qəsdən alınması ilə bağlı araşdırma başlatmamağa qərar verib. Beləliklə, hər iki futbolçu cəzasını cavab matçında çəkəcək və 1/4 final mərhələsinə vərəqə limitini sıfırlayaraq daxil olacaqlar.
UEFA bu tip “taktiki” vərəqələrə görə indiyədək ən ağır cəzanı yalnız Serxio Ramosa qarşı tətbiq edib. Oxşar hallarda Dani Karvaxal və Jerar Pike barəsində də araşdırmalar aparılsa da, onlar əlavə cəzadan yayına bilmişdilər.