“Tottenhem” Premyer Liqada (APL) qalmaq uğrunda mübarizə apardığı bir vaxtda, klubun daxili idarəçiliyi ilə bağlı maraqlı detallar üzə çıxıb. Belə ki, komandanın aşağı diviziona düşəcəyi təqdirdə, futbolçuların əksəriyyətinin məvacibi ciddi şəkildə kəsiləcək.
Məlumata görə, klubun sabiq sədri Daniel Levi sentyabr ayında postunu tərk etməzdən əvvəl imzalanan bütün müqavilələrə xüsusi bənd əlavə etdirib. Həmin şərtə əsasən, “Tottenhem” elitadan düşərsə, oyunçuların maaşı təxminən 50% azaldılacaq.
Mənbələr qeyd edir ki, bu addım klubu “fəlakət ssenarisi”ndən – yəni divizion dəyişikliyi zamanı yaranacaq maliyyə çökməsindən qorumaq məqsədi daşıyır.
“Şpurlar”ın cari mövsüm göstərdiyi performans olduqca təzadlıdır. 28 turdan sonra turnir cədvəlinin 16-cı pilləsinə qədər geriləyən paytaxt klubu, eniş zolağından cəmi 4 xal uzaqlıqdadır. Ötən mövsümü 17-ci yerdə bitirməsinə baxmayaraq, Avropa Liqasında qazandığı zəfərlə hər kəsi təəccübləndirən komanda, indi diqqətini Çempionlar Liqasına yönəldib. Onları 1/8 finalda “Atletiko”lə çətin sınaq gözləyir.
“Tottenhem” sonuncu dəfə uzaq 1977-ci ildə aşağı diviziona yuvarlanıb. Əgər bu mövsüm komanda vəziyyəti düzəltməsə, həm tarixi nüfuzuna böyük zərbə dəyəcək, həm də ulduz futbolçularının gəlirlərinin yarısını itirməsi ilə nəticələnən maliyyə sanksiyaları dövrəyə girəcək.