Albaniyanın paytaxtı Tiranada keçirilən “Məhəmməd Malo” beynəlxalq reytinq turniri Azərbaycanın yunan-Roma güləşçilərinin uğurlu çıxışı ilə yadda qalıb. Yarışın beşinci günündə xalça üzərinə çıxan 9 idmançımızdan ikisi fəxri kürsünün ən yüksək pillələri uğrunda mübarizə aparıb.
Günün ən maraqlı hadisəsi 60 kq çəki dərəcəsində yaşanıb. İki həmyerlimiz — Nihat Məmmədli və Nihad Quluzadə bütün rəqiblərini üstələyərək finalda üz-üzə gəliblər. Məmmədli finalda komanda yoldaşı Quluzadədəni yenərək turnirin qızıl medalını qazanıb. Nihad isə gümüş medalla kifayətlənib.
55 kq çəkidə çıxış edən Rəşad Məmmədov ardıcıl qələbələr sayəsində finala yüksəlsə də, həlledici qarşılaşmada Emin Seferşayevə (UWW) uduzaraq ikinci yeri tutub.
Təəssüf ki, bürünc medal uğrunda mübarizə aparan digər güləşçilərimiz — Ruslan Nurullayev (72 kq), Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) həlledici görüşlərdə məğlub olaraq yarışı medalsız başa vurublar. Murad Əhmədiyev və Sərxan Məmmədov isə daha erkən mərhələlərdə turnirlə vidalaşıblar. Turnirin yekunlarına əsasən, millimiz 9 medal (2 qızıl, 4 gümüş və 3 bürünc) qazanıb.