Simeonedən Vinisiusa ağır sözlər: “Peres səni qovaca”
“Real” yenidən İspaniya Superkuboku uğrunda mübarizə aparacaq. Xabi Alonsonun komandası yarımfinalda “Atletiko”nu 2:1 hesabı ilə məğlub edərək ardıcıl beşinci dəfə turnirin həlledici oynuna vəsiqə qazandı. “Kral klubu” üçün bu, artıq ənənəvi hal alıb. 2022-ci ildə “Real” finalda “Atletik”ə qalib gələrək kuboku qazanmışdı, 2024-cü ildə isə “Barselona”nı inamla məğlub etmişdi. Bununla belə, “Barselona”ya qarşı son iki final madridlilər üçün uğursuz bitmişdi. Beləliklə, bazar günü Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq finalda “Real”ı yenə “Barselona” ilə gərgin qarşılaşma gözləyir.
Yeri gəlmişkən, oyundan sonra “Real”ın yarımmüdafiəçisi Federiko Valverde “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə Vinisius Junior arasında yaşanan gərginliyə toxunub. Onun sözlərinə görə, argentinalı mütəxəssis oyun boyu dəfələrlə braziliyalıyalı vingerlə dialoqa girib və ona Florentino Peresin onu klubdan qovacağını deyib. Əvəzləndikdən sonra isə Vinisiusu tribunadan gələn fit səslərinə qulaq asmağa çağırıb.”Simeonenin Vininin ünvanına dediyi sözlər? Bu, futbolun, oyunun bir hissəsidir. Bu, derbidir. Belə şeylər meydanda qalır” – deyə oyunda qol və məhsuldar ötürmə ilə yadda qalan Valverde müsahibəsində bildirib.