“Sabah” ölkə kubokunun ilk yarımfinal qarşılaşması çərçivəsində “Qarabağ”la keçiriləcək vacib oyuna hazırlıqlarını davam etdirir. Aprelin 3-də keçiriləcək bu prinsipial görüş öncəsi “bayquşlar”ın heyətində ciddi kadr problemləri yaranıb.
Komandanın baş məşqçisi Valdas Dambrauskas sabahkı matçda iki əsas oyunçusunun xidmətindən yararlana bilməyəcək. Müdafiə xəttinin önəmli fiqurlarından olan braziliyalı İqor Noqeyra vərəqə limitini aşdığı üçün cəzalı duruma düşüb və bu qarşılaşmanı kənardan izləməli olacaq.
Ötən ilin noyabrında əməliyyat olunan slovakiyalı hücumçu Pavol Şafranko reabilitasiya prosesi gözləniləndən uzun çəkib. Hələ də zədəsini tam sağaltmayan Şafranko komandasına kömək edə bilməyəcək.
Məlumata görə, Şafrankonun bu ay məşqlərə başlaması planlaşdırılır. Lakin forvardın meydanlara qayıdışı ən yaxşı halda mövsümün son oyunlarına təsadüf edə bilər. Paytaxt təmsilçisi ciddi itkilərə rəğmən, “Qarabağ”la keçiriləcək ilk ev oyununda sərfəli nəticə qazanaraq final yolunda üstünlük əldə etməyə çalışacaq.