“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç “Verder”lə heç-heçədən (2:2) sonra hakimlikdən narazılığını bildirib.
Komandası 2:0 hesablı üstünlüyünü son dəqiqələrdə əldən verən xorvatiyalı mütəxəssis matçın böyük hissəsində rəqibdən üstün oynadıqlarını, lakin qələbəni qoruya bilmədiklərini deyib.
“88 dəqiqə ərzində rəqibə təzyiq göstərdik, onu öz qapısı qarşısında sıxışdırdıq. Amma son səkkiz dəqiqəni lazımınca keçirə bilmədik. Buna görə özümüzü qınamalıyıq. Oyuna nəzarət edirdik və heç-heçə ilə nəticələnməməli idi. Sonda cəmi bir xal qazandıq. Çalışacağıq ki, belə hal bir də təkrarlanmasın”, – deyə Kovaç bildirib.
Baş məşqçi mübahisəli hakim qərarlarına da toxunub. O, Kristian Dingertin künc zərbəsi zamanı “Verder”in hücumçusu Niklas Füllkruqa qarşı qayda pozuntusu qeydə alaraq “Borussiya”nın hücumunu dayandırmasını tənqid edib. Kovaçın sözlərinə görə, hakim epizodu tez dayandırıb və top qapıya daxil olduqdan sonra VAR müdaxiləsi də mümkün olmayıb.
Xorvatiyalı mütəxəssis “Verder”in ikinci qolundan əvvəl də Valdemar Antona qarşı blok olduğunu iddia edib. “Bu, Antonun qarşısını açıq şəkildə kəsmək idi! Meyar ardıcıllığı haradadır?” – deyə Kovaç narazılığını ifadə edib.
Bununla belə, baş məşqçi komandasının üstünlüyü qoruya bilməməsində öz futbolçularının da məsuliyyət daşıdığını etiraf edib.
Xatırladaq ki, “Borussiya” oktyabrın 20-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah”ın qonağı olacaq.