Azərbaycan Premyer Liqasının IV turunda “Zirə” üzərində qazanılan böyükhesablı qələbə (5:0) “Sabah” üçün tarixi göstəricilərlə əlamətdar olub.
Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, “bayquşlar” ölkə çempionatında 25-ci böyükhesablı qələbəsini bayram edib. Paytaxt təmsilçisi bu uğurların 16-sını doğma meydanda əldə edib. Bununla da “Sabah” ölkə çempionatları tarixində 25 və ya daha çox böyükhesablı qələbə qazanan 11-ci komanda olub. Klub çempionatdakı ilk belə qalibiyyətini 2019-cu il sentyabrın 29-da “Səbail”lə matçda (3:0) rəsmiləşdirmişdi.
Qarşılaşmada het-trik edən Joy-Lans Mikels cari mövsümdə bir oyunda üç qol vuran ilk futbolçu olub. Hücumçu Premyer Liqada keçirdiyi 113-cü oyunda qollarının sayını 61-ə çatdırıb. Bu nəticə ilə təcrübəli forvard ölkə çempionatları tarixinin ən məhsuldar əcnəbi futbolçuları siyahısında Qeorqi Adamiyanın rekorduna şərik olub.