“Sabah” Çempionlar Liqasının əsas mərhələsində debüt oyununu “Mançester Yunayted”ə qarşı keçirdi. “Old Trafford”-da 0:4 hesablı məğlubiyyət ağır görünsə də, nəticə oyunun bütün mənzərəsini əks etdirmir. Azərbaycan çempionunun qarşısında bu matç üçün real gözlənti nəticədən çox, belə yüksək səviyyədə öz oyununu nümayiş etdirmək idi. Valdas Dambrauskasın komandası ilk hissənin müəyyən bölümündə bunun öhdəsindən gəldi, lakin fərdi keyfiyyət və oyun sürəti fərqi hesabda özünü göstərdi.
“Sabah” oyuna ehtiyatlı, lakin qorxaq olmayan futbol ilə başladı. “Bayquşlar” ilk dəqiqələrdə müdafiənin dərinliyinə çəkilmək əvəzinə, mümkün qədər rəqibin oyun qurmasına mane olmağa çalışdı. Xüsusilə ön xəttdəki pressinq və topu qazandıqdan sonra sürətli çıxışlar “Mançester Yunayted” üçün müəyyən problemlər yaratdı.
Lakin belə oyunlarda əsas məsələ rəqibə imkan verməməkdən daha çox, yaradılan fürsətlərdən istifadə etməkdir. “Sabah”ın ən ciddi şansı 27-ci dəqiqədə hesab açıldıqdan sonra yarandı. Joy-Lance Mikelsin bərabərlik qlunu vurmaq üçün əla imkan oldu, amma hücumçu bu epizodu qola çevirə bilmədi. Bu, matçın dönüş nöqtələrindən biri sayıla bilərdi.
Əvəzində “Mançester Yunayted” cəmi bir neçə dəqiqə ərzində oyunun taleyini böyük ölçüdə həll etdi. Əvvəlcə Mateus Kunyanın qolu ilə hesab açıldı, ardınca Bruno Fernandeş fərqi artırdı. Benjamin Şeşko isə 45+3-cü dəqiqədə üçüncü qolu vurdu. “Sabah”ın ilk hissədəki müqaviməti beləliklə üç dəqiq zərbə ilə sındırıldı.
Burada əsas fərq yalnız taktiki hazırlıqda deyildi. “Mançester Yunayted”in futbolçuları ən kiçik boşluğu belə cəzalandırmaq üçün kifayət qədər fərdi keyfiyyətə malik idi. “Sabah” isə əksinə, yaratdığı azsaylı real imkanlardan birini belə qola çevirə bilmədi. Elit səviyyədə bu cür fərqlər hesabı sürətlə dəyişir.
İkinci hissədə “Sabah” üçün əsas məqsəd oyunu nəzarətdən tam çıxarmamaq idi. Dambrauskas dəyişikliklərlə komandaya yeni enerji gətirməyə çalışdı. “Mançester Yunayted” isə üç top fərqindən sonra tempi bir qədər aşağı salsa da, nəzarəti əldən vermədi. 72-ci dəqiqədə Lisandro Martinez yaxın məsafədən hesabı 4:0-a çatdırdı.
Bununla belə, “Sabah”ın debütünü yalnız hesab üzərindən qiymətləndirmək düzgün olmaz. “Sabah”ın heyətində 11 fərqli ölkənin futbolçusunun meydana çıxması da bu komandanın necə beynəlxalq quruluşa malik olduğunu göstərir. Qapıda qazaxıstanlı Stas Pokatilov, müdafiədə polşalı Timoş Puxaç, cənubi afrikalı Aden Makkarti, azərbaycanlı Rəhman Daşdəmirov və əlcəzairli Akim Zedadka, yarımmüdafiədə xorvat İvan Lepiniça və özbək Umarali Rəhmonəliyev, hücum xəttində isə nigeriyalı Kristian Nvaçukvu, serbiyalı Velko Simiç, yamaykalı Kaheem Parris və ruandalı Joy-Lance Mikels yer aldı.
Bu fakt bir tərəfdən “Sabah”ın qısa müddətdə qurduğu beynəlxalq modelin göstəricisidir, digər tərəfdən isə Azərbaycan futbolunun qarşısında duran sualı yenidən gündəmə gətirir: belə böyük səviyyədə yerli futbolçuların sayı nə vaxt artacaq?
“Mançester Yunayted”lə qarşılaşma həm də “Sabah” üçün futbolun ən yüksək səviyyəsində sürət və qərarvermənin nə demək olduğunu göstərdi. Premyer Liqada bir neçə saniyə düşünmək üçün imkan yaradan epizod “Old Trafford”-da eyni rahatlığı vermir. Rəqibin pressinqindən çıxmaq, ikinci topa sahib olmaq, cərimə meydançasında düzgün mövqe seçmək və ən əsası, yaranan şansı dərhal qola çevirmək – bütün bunlar iki komanda arasındakı səviyyə fərqini ortaya qoydu.
Amma 0:4 hesabı “Sabah” üçün yalnız mənfi nəticə kimi qəbul edilməməlidir. Bu, komandanın tarixində ilk Çempionlar Liqası əsas mərhələ oyunu idi və qarşısında turnirin ən böyük klublarından biri dayanırdı. Üstəlik, ölkə çempionu “Old Trafford”-a yalnız müdafiə olunmaq üçün çıxmadı və müəyyən epizodlarda öz oyununu rəqibə qəbul etdirməyə çalışdı.
Ən böyük problem isə oyunun taleyini dəyişə biləcək məqamlarda soyuqqanlılığın çatışmaması oldu. “Sabah”ın qarşısında olan əsas inkişaf istiqaməti də məhz budur: belə oyunlarda təkcə yaxşı mübarizə aparmaq yox, yaradılan bir-iki real fürsəti qola çevirmək və müdafiədə kiçik səhvləri minimuma endirmək.
Dambrauskasın komandası ilk sınaqdan ağır hesabla məğlub ayrıldı. Lakin Çempionlar Liqasının yeni formatında qarşıda hələ yeddi oyun var. “Sabah” üçün əsas məsələ “Old Trafford”-dakı 0:4-ü unudub növbəti matçlarda bu təcrübədən istifadə etməkdir. Çünki ölkə çempionunun bu turnirdə iştirakı artıq özü-özlüyündə tarixdir, amma bundan sonrakı məqsəd sadəcə iştirak etmək deyil, bu səviyyədə daha rəqabətədavamlı görünməkdir.
Mançster Yunayted (İngiltərə) – Sabah (Azərbaycan) 4:0 (3:0)
Kunya, 27, Fernandeş, 42, Şeşko, 45, Martines, 68
Baş hakim: Villi Delajo (Fransa).
Mançster Yunayted: Senne Lammens, Leni Yoro, Lisandro Martines, Nusser Mazraui, Patrik Dorqu (Harri Amass, 71), Kobbi Maynu (Andrey Santos, 64), Yuri Tilemans (Meyson Maunt, 46), Brunu Fernandeş (k), Brayan Mbemo (Şi Leysi, 71), Mateus Kunya, Benyamin Şeşko (Coşua Zirkze, 64). Baş məşqçi: Maykl Kerrik.
Sabah: Stas Pokatilov (k), Eyden Makkarti, Rəhman Daşdəmirov, Akim Zedadka (Junior Almeyda, 75), Timoteuş Puhac, İvan Lepinitsa, Umarəli Rahmonəliyev (Abdula Haybulayev, 71), Velko Simiç (Du Keyros, 75), Kahim Perris (Aleksey İsayev, 63), Kristian Nvaçukvu (Orfe Mbina, 46), Coy-Lans Mikkels. Baş məşqçi: Valdas Dambrauskas. Sarıkənar: Dorqu, Lepinitsa.
Mançester, “Old Trafford” stadionu.Bundan sonra “bayquşlar” ÇL-in ümumi mərhələsində Çexiyanın “Slaviya”sı (13 oktyabr), Almaniyanın“Borussiya”sı (20 oktyabr), Norveç “Vikinq”i (4 noyabr), İspaniyanın “Barselona”sı (25 noyabr), İspaniyanın “Vilyarreal”ı (8 dekabr), İtaliyanın “Napoli”si (20 yanvar) və İngiltərənin “Arsenal”ı ilə (27 yanvar) qarşılaşacaqlar.