Portuqaliya üçün DÇ-nin startı gözlənildiyi kimi alınmayıb. Turnirin favoritlərindən sayılan pireneylilər ilk turda Konqo DR ilə heç-heçə edib – 1:1.
Komandasını qələbəyə daşıya bilməyən 41 yaşlı Kriştianu Ronaldu üçün bu qarşılaşma xüsusilə uğursuz olub. Meydanda 90 dəqiqə qalan ulduz hücumçu nə qol vura bilib, nə də oyunu ilə yadda qalıb. Bununla da Ronaldu dünya və Avropa çempionatlarının final mərhələlərində ardıcıl 10-cu oyununu qolsuz başa vurub.
Matçdan sonra Konqo DR yığmasının 21 yaşlı dayaq yarımmüdafiəçisi Ngalayel Mukau “TNT Sports”a müsahibəsində Ronaldunu necə zərərsizləşdirmələrindən danışıb. Konqolu futbolçu ulduz hücumçuya qarşı xüsusi planlarının olmadığını etiraf edib: “Açığı, xüsusi planımız yox idi. Çünki hamımız onun artıq əvvəlki gücündə olmadığını və qocaldığını bilirik. Əlbəttə, o, futbol tarixinin ən böyük oyunçularından biridir və ona hörmətimiz sonsuzdur. Lakin müəyyən yaşa çatdıqdan sonra hər şey dəyişir, insan artıq əvvəlki enerjini və performansı ortaya qoya bilmir”.
Qrupun növbəti oyunlarında Portuqaliya və Konqo DR yığmaları Kolumbiya və Özbəkistan yığmaları ilə qarşılaşacaqlar.