Görünür, Radamel Falkaonu doğma şəhərində o qədər də “istəmirlər”. Kolumbiyalı ulduzun doğulduğu Santa-Marta şəhər rəhbərliyi 39 yaşlı bombardiri şərəfləndirmək qərarına gəlsə də, nəticə uğursuz alınıb. Heykəltəraş Roberto Miktil tərəfindən köhnəlmiş dəmir və mis oksidindən hazırlanan abidənin hündürlüyü 1.70 metr, çəkisi isə 195 kiloqramdır.
Heykəlin əsas problemi onun həddindən artıq səliqəsiz hazırlanmasıdır; hətta postament belə əyri quraşdırılıb. Ən çox müzakirə edilən məqam isə abidənin Falkaoya heç bir bənzərliyinin olmamasıdır. Sosial şəbəkə istifadəçiləri bu işi kəskin tənqid atəşinə tutsalar da, “El Tigre” (Pələng) ləqəbli futbolçu hələlik mövzu ilə bağlı sükutunu qoruyur.
Bununla da Falkao; vaxtilə uğursuz heykəlləri ilə gündəmə gələn Ronaldu, Salah və Keyn kimi dünya ulduzlarının siyahısına qoşulub.
Xatırladaq ki, peşəkar karyerasına “Lanseros Boyaka”da başlayan Falkao, illər ərzində Avropanın və Cənubi Amerikanın nəhəng klublarında çıxış edib: “River Pleyt”, “Portu”, “Atletiko”, “Monako”, “Mançester Yunayted”, “Çelsi”, “Qalatasaray” və “Rayo Valyekano”.
Kolumbiya yığmasında keçirdiyi 105 oyunda 36 qol vuraraq ölkə tarixinin ən yaxşı bombardiri ünvanını əldə edib. Təcrübəli hücumçu 2024-cü ilin yayında vətəninə dönərək “Milyonarios” klubu ilə müqavilə imzalayıb.