Premyer Liqanın XXV turunda “Zirə” çətin Yevlax səfərində minimal hesablı qələbəni bayram edib. Oyunsonrası mətbuat konfransında fikirlərini bölüşən “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov komandasının çıxışını dəyərləndirib.
Təcrübəli mütəxəssis çətin keçən səfər matçında qazanılan üç xalın əhəmiyyətini vurğulayıb: “Bizim üçün olduqca ağır oyun alındı. Hesabdan asılı olmayaraq, komandamın göstərdiyi fədakarlıqdan və nizam-intizamlı oyundan razı qaldım. Hətta bu gün qalib gəlməsəydik belə, eyni fikirləri səsləndirəcəkdim”.
Sadıqov rəqib komandanın son vaxtlar göstərdiyi performansa da diqqət çəkib və Yevlax təmsilçisinin müqavimətini yüksək qiymətləndirib: “Yevlaxda “Karvan-Yevlax”a qarşı oynamaq hər bir rəqib üçün çətindir. Son turlarda onların oyununda ciddi proqres müşahidə olunur. Bu da matçın gərginliyini daha da artırırdı. Çoxsaylı qol epizodlarından istifadə edə bilməyəndə qalib gəlmək çətinləşir. Bir anlıq mənə elə gəldi ki, qarşılaşma heç-heçə bitəcək. Lakin sona qədər mübarizə aparıb vacib 3 xalı aktivimizə yazdırdıq”.