“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbol meydançasından kənarda böyük uğursuzluqla üzləşib.
The Times nəşrinin verdiyi məlumata görə, mütəxəssis ona məxsus olan “Tast” restoranını itirib. Açılışından 7 il sonra bağlanan məkanın ümumi zərəri təxminən 2 milyon funt sterlinq təşkil edir. Restoranın fəaliyyətini dayandırmasına əsas səbəb kimi “biznesin aparılması üçün müstəsna dərəcədə ağır şərtlər” göstərilir.
Katalon mətbəxinə aid bu restoran təkcə Qvardiolaya deyil, həm də “Mançester Siti”nin icraçı direktoru Ferran Soriano və klubun keçmiş idman direktoru Çiki Beqiristayna məxsus idi.
Məhz bu restoran 2022-ci ildə komandanın ulduzu Erlinq Holandın transferinin qeyd olunduğu məkan kimi tanınırdı.
Səhmdarların investisiyaları hesabına fəaliyyətini birtəhər davam etdirən restoran üçün son qərar 2025-ci ilin dekabr ayının sonunda verilib. Beləliklə, Qvardiolanın Mançesterdəki 7 illik qastronomik layihəsi rəsmən sona çatıb.